Xorvatiyalı hücumçu Azərbaycan klubuna transfer oldu

13 Sentyabr 2023 08:50 Voleybol 618
Xorvatiyalı hücumçu Azərbaycan klubuna transfer oldu

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.

Sportinfo.az xəbər verir ki, komanda daha bir oyunçunun transferini rəsmiləşdirib.

Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu “Riyeka” olub.

Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Hücumçu ardınca ABŞ-a yollanıb. O, burada “San Fransisko Universiteti” (2013-2015) və “Arizona Universiteti”nin (2015-2016) formasını geyinib.

Pilepiç 2016/2017 mövsümündə Asiyada - Filippin klubunda çıxış edib. 2 il burada “Lifesavers”in uğurları üçün çalışan “Azərreyl"in yeni transferi 2018-ci ildə Avropaya qayıdıb.

Katarina Yunanıstan “ AO Tiras”ına keçib. Voleybolçu ardınca Finlandiyada “Vyesti” (2019-2020) və Çexiyada “Olomouç” (2021) klublarında oynayıb. Pilepiç son 2 mövsümü isə İsraildə Hayfa “Makkabi”sinin şərəfini qoruyub.

O, 4 dəfə Xorvatiya və 1 dəfə İsrail çempionatının qalibi olub. Katarina Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb.

Voleybolçunun kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var.

Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.

Xəbər Lenti