Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyində daha bir dəyişiklik edilib. Bununla bağlı İdarə Heyətinin iclası keçirilib.
Görüşdə AVF-nin yeni prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.
İclasda ilk olaraq baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.
Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar.
Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.
İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib. Bu, ilk növbədə maliyyə ilə bağlıdır.
Belə ki, Cavid Qurbanovun yerinə görəvə gələndən 1 gün sonra onun ən yaxın kadrını vəzifədən alan gömrük generalı federasiyanın büdcəsinin artırılmasına dair göstəriş verib.
Kişilərdən və qadınlardan ibarət bütün yığma komandaların beynəlxalq turnirlərə yüksək səviyyədə hazırlaşması üçün tədbirlər planının işlənməsi tapşırılıb.
Bura mütəmadi təlim-məşq toplanışlarının və xarici səfərlərin təşkili də daxildir.
SPORTİNFO.AZ

