Gömrük generalı Azərbaycanda klublara pul buraxacaq, iştirakçı sayını artıracaq

12 Aprel 2023 14:40 Voleybol 1 830
Gömrük generalı Azərbaycanda klublara pul buraxacaq, iştirakçı sayını artıracaq

Məlum olduğu kimi, dünən Azərbaycan Voleybol Federasiyasının ümumi yığıncağı keçirilib.

Federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub.

C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib.

Çıxış edən federasiya prezidenti ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib:

“Yeni hədəfləri müəyyən etməli və məqsədə nail olmaq üçün qısa zamanda işə başlamalıyıq”.

Ş.Bağırov voleybolun kütləviliyi və təbliğinin prioritet istiqamətlər arasında olduğunu, eyni zamanda bu idman növünün inkişafı üçün müvafiq strategiyanın hazırlanacağını qeyd edib.

Rəhbərlikdəki dəyişiklik bu idman növündəki durğunluğu aradan qaldırmağa hesablanıb. Hər şey aydındır - voleybola maliyyə axını təmin olunacaq.

Cavid Qurbanov son illərdə bu işin öhdəsindən gələ bilmirdi. «Azərbaycan Dəmir Yolları»nın rəhbəri postundan gedəndən bəri isə onun federasiyaya maddi dəstəyi kifayət qədər azalmışdı.

Artıq quruma cüzi vəsait ayırır, əksər xərcləri qarşılaya bilmirdi. Ona görə də Yüksək və Birinci Liqa mübarizə aparan komandaların sayı azalır, problemləri isə çoxalırdı.

O da aydındır ki, kişi və qadınlar arasında çempionatın işirakçıları federasiya tərəfindən maliyyələşir. Qurbanov bu klublara ayırdığı illik büdcənin də «qol-budağ»ını kəsməli olmuşdu.

Gömrük generalının təyinatı ilə həm federasiya, həm də klublar dərindən nəfəs alacaq. Şahin Bağırovun voleybola aid böyük planlarının olmasına dair redaksiyamızda maraqlı informasiya var.

Belə ki, üzümüzə gələn mövsümdən etibarən, hər iki liqada yarışacaq komandaların sayı artacaq. Bu rəqəmin minimum 10-a çatdırılması nəzərdə tutulub.

Federasiya tərəfindən onlara ayrılan vəsaitin ümumi həcminin də bir neçə dəfə artırılması gündəmdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti