Yaxın günlərdə Azərbaycan Voleybol Federasiyasının (AVF) növbədənkənar konfransının keçirilməsi gözlənilir.
Burada yeni prezident seçiləcək.
Üç gün öncə Azərbaycan Atletika Federasiyasının rəhbərliyində dəyişiklik olub.
1996-cı ildən qurumun prezidenti olan Çingiz Hüseynzadə vəzifəsindən ayrılıb. Onu bu postda Cavid Qurbanov əvəzləyib.
Sonuncu ötən ilin ikinci yarısında növbəti dəfə Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilmişdi.
Hazırda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan C.Qurbanovun yerinə AVF-yə kimin gətiriləcəyi böyük maraqla gözlənilir.
Güman ki, ölkə voleybolunun idarəetməsi dövlət aparatında mühüm vəzifə tutan şəxslərdən birinə həvalə olunacaq.
Keçən ilin əvvəlində «Azərbaycan Dəmir Yolları»nın sədrliyindən gedəndən bəri Cavid Qurbanovun voleybola diqqəti azalmışdı. Maddi imkanı zəifləməsi səbəbindən.
Odur ki, qadınlar və kişilər arasında Yüksək Liqa, həmçinin Birinci Liqada yeni mövsüm planlaşdırıldığı vaxtdan gec start götürdü.
Bu azmış kimi, federasiya tərəfindən iştirakçı klublara ayrılan malliyə vəsaiti azaldıldı. Görünən o idi ki, AVF-nin inkişaf strategiyası üzərində işləməsi artıq perspektiv vəd eləmir.
Qurbanov bu müddətdə ölkədə fəaliyyət göstərən şirkət və banklara, universitet rektorlarına, iş adamlarına dəstək üçün müraciət etsə də, çağırışına qoşulan olmadı.
Yeni gələn prezidentin bu sahədəki durğunluğu aradan qaldırmaq imkanı, yəqin ki, daha çox olacaq. Hər halda voleyboldakı problemlər idman sahəsinə məsul şəxslərə yaxşı məlumdur.
SPORTİNFO.AZ

