“Azərbaycanda sərbəst klublar yoxdur” – Millinin kapitanı

7 Mart 2023 01:00 Voleybol 360
“Azərbaycanda sərbəst klublar yoxdur” – Millinin kapitanı

Azərbaycan millisnin voleybolçusu Ayşən Abduləzimova peşəkar karyerasına 2008-ci ildə "Azerreyl"də başlayıb.

2011-ci ildən yığmanın uğurları üçün çalışan 30 yaşlı oyunçu 2018-ci ildən ölkə xaricində çıxış edir.

2018 - 2020-ci illərdə Macarıstanda “Vaşaş”, 2020/2021 mövsümündə Türkiyədə "Sarıyer Belediyespor"un formasını geyinmiş voleybolçu 2021-ci ildən yenidən "Vaşaş"ın uğurları üçün çalışır.

Sportinfo.az xəbər verir ki,Ayşən Abduləzimova karyerası və Azərbaycan voleybolu ilə bağlı "report"a müsahibə verib.

- 2018-ci ildən sonra karyeranızı ölkə xaricində davam etdirirsiniz. Beş illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Bir il Türkiyədə çıxış etdim. Məncə, bu, dünyanın ən güclü liqasıdır. Mənim üçün çətin mövsüm oldu, amma həmin çempionatda çox böyük təcrübə qazandım. Artıq dörd ildir ki, Macarıstan klubunda çıxış edirəm. Üç dəfə Macarıstan çempionluğunu, eyni sayda da ölkə kubokunu qazanmışıq. Bir dəfə də MEVZA liqasının qalibi olmuşuq.

- Macarıstanda legioner həyatınız necə keçir? Bu müddət ərzində hansısa çətinliklərlə qarşılaşmısınızmı?
- Əlbəttə. Çətinliklər həmişə olur. Düşünürəm ki, yenə olacaq. Ən vacibi isə bunları tez zamanda aradan qaldırmaqdır.

- Beş il ərzində darıxdığınızı hiss etmisinizmi? Məsələn, bəzi azərbaycanlı futbolçular bu qədər müddət ölkə xaricində qala bilmirlər...
- Oyunların sayı çox olduğu üçüb darıxmağa vaxtımız da olmur (gülür). Amma ailəm üçün əlbəttə ki, darıxıram.

- Ötən il Macarıstanın ən yaxşı legioner voleybolçusu seçilmisiniz. Təəssüratlarınız necədir?
- Açığı, belə mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün gözlənilməz oldu. Bir Azərbaycan xanımı kimi ölkə xaricində ən yaxşı oyunçu seçilmək qürurvericidir.

- Qarşıdakı hədəfləriniz nədir?
- Bu il yenə Macarıstan çempionu olmaq və ölkə kuboklunu qazanmaq istəyirəm.

- Bu müddət ərzində sizə başqa ölkələrin təmsilçilərindən təkliflər olubmu?
- Bəli. Klubların adını açıqlamaq düzgün olmaz. Amma "Vaşaş" mənim üçün artıq çox doğmalaşıb. Arıtq bu ailənin bir üzvü olmuşam.

- Mayda müqaviləniz başa çatır. Yenidən Azərbaycanda oynamaq ehtimalınız varmı?
- Azərbaycan mənim vətənimdir. Mən də ölkə çempionatında çıxış etmək istərdim. İlk klub karyerama da məhz orada başlamışam.

- Hazırda xaricdə oynayan voleybolçu kimi Azərbaycan voleybolunun səviyyəsini necə görürsünüz?
- Xaricdə olsam da, ölkə çempionatını yaxından izləyirəm. Yüksək Liqada iştirak edən komandaların sayı azdır, lakin düşünürəm ki, komandalar arasında bərabər mübarizə gedir və heyətlərdə gənc voleybolçular arasında rəqabət var. Bundan 5-6 il əvvəllə müqayisə etsək, bu gün çempionatımız zəif görünə bilər. Çünki sərbəst klublarımız demək olar ki, yoxdur. Çox istərdim ki, mənim Azərbaycanda oynadığım zamanlarda olan komandalar yenidən həmin gücdə çempionatda iştirak etsinlər.

- Sizcə, əvvəlki nüfuzi qaytarmağa nə mane olur?
- 5-6 il əvvəl Azərbaycan çempionatı dünyada, Avropada ən güclü və ən çox izləyicisi olan yarışlardan hesab olunurdu. Həmin illərdə klublar arasında sağlam rəqabət var idi. Hər kəs, sözün əsl mənasında çempion olmaq və avrokuboklarda iştirak etmək üçün çalışırdı. Ən güclü voleybolçular da bizim çempionatda çıxış edirdi. Klubların yaranması üçün isə sponsorlar olmalıdır. Məncə, həm qadın, həm də kişi komandaları arasında klublar və sponsorların sayı çox olsa, çempionatımız yenidən güclənəcək. Bu da birbaşa milli komandalara da müsbət təsirini göstərəcək.

- Məsələn, Faiq Qarayev kimi mütəxəssisin iş başında olmaması buna təsir edirmi?
-
Faiq müəllim hər zaman bizim yanımızda olur. Bu il millinin Avropa çempionatının seçmə oyunlarında da bizimlə idi. Yığmada yerli voleybolçular olaraq demək olar ki, əksəriyyətimiz xarici klublarda oynayırıq. Məhz belə amillər milliyə təsirsiz qalmır.

- Azərbaycan millisi bu il Avropa çempionatına qatılacaq. Final mərhələsində yığma nəyə ümid edə bilər?
- Qitə çempionatında 10-cu dəfə mübarizə aparacağıq. Ardıcıl 10-cu dəfə turnirdə iştirak etmək böyük uğurdur. Amma bu, bizi arxayınlaşdırmamalıdır. Yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik. Bir neçə gün əvvəl Faiq müəllimin nəzarəti ilə klublarda çıxış edən milli voleybolçular məşqlərə başlayıb. Mən də Macarıstandakı matçlar bitdikdən sonra Bakıya gəlib hazırlıqlara qoşulacağam.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!