ŞOK İTTİHAMLAR! “Qurbanov burada öz qohum-əqrəbasını saxlayır, məni isə aldadırlar“

15 Yanvar 2023 10:40 Voleybol 1 129
ŞOK İTTİHAMLAR! “Qurbanov burada öz qohum-əqrəbasını saxlayır, məni isə aldadırlar“

“Express Baku” voleybol klubunun direktoru İntizar Məmmədova Sportinfo.az-a müraciət edib.

Ömrünün 44 ilini ölkədə voleybolun inkişafına həsr etmiş təcrübəli mütəxəssis redaksiyamıza göndərdiyi məktubda ona qarşı haqsızlıqdan şikayət edib:

“Qeyd edim ki, mən 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm.

20 il ölkəmizin ali məktəblərinin birində Bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə “Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam.

2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm.

2014-cü ildə “Express Baku” voleybol klubunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin göstərişi ilə yaratmışam. Klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb.

Rəhbərlik etdiyim “Express Baku” artıq 8-9 ildir ki, Azərbaycan çempionatında çıxış edir Klubun tərkibində daim gənc və perspektivli oyunçular olub.

2022-ci ilin iyul ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) keçirilən iclasda «Express Baku» VK-nun növbəti mövsümdə iştirak etməyəcəyi kiminsə tərəfindən səsləndirilmişdi.

Mən həmin iclasa dəvət olunmamışdım və onların bu qərarını başqa insanlardan eşitdim.

Voleybol rəsmilərinin bu qərarının əsl motivi mənə gün kimi aydın idi – onların başlıca məqsədi «Express Baku»nu yenidən dağıtmaq (bu artıq sayca dördüncü təxribat idi) və oyunçuları “oğurlamaq”.

İ.Məmmədova qeyd edib ki, o, AVF-nın prezidenti Cavid Qurbanovla görüşməyi qərara alıb. Lakin bütün səyləri boşa çıxıb:

”2022-ci ilin avqust-sentyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qəbul otağında qəbula yazılmağıma baxmayaraq, Cavid Qurbanov nə məni qəbul etdi, nə də qulaq asdı.

Mən bununla əlaqədar olaraq, dörd ay müddətində dəfələrlə federasiyaya getdim, vitse-prezident Faiq Qarayevlə, baş katib Fərid Xəlilovla görüşdüm.

Lakin mənə yalnız bir söz deyilirdi: pul yoxdur. Onların sözlərinə görə, Cavid müəllim deyib ki, o, ancaq iki klubu – “Azərreyl” və “Murov”u və federasiyanı saxlamaq imkanındadır.

Yerdə qalan digər klublara isə onun pul ayırmaq fikri yoxdur. Federasiyadan belə dedilər ki, mənim klubum bu mövsüm Birinci Liqada oynasın. Bilirsiz, niyə? Çünki Birinci Liqaya, ümumiyyətlə, pul ayrılmır”.

İntizar Məmmədova oyunçuların “oğurlanması” məsələsinə də aydınlıq gətirərək vurğulayıb ki, hələ keçən il bütün digər klubların məşqçləri onların oyunçularını böyük maraqla izləyib:

“Ümumiyyətlə, həmişə belə olub: İstər Birinci Liqa, istərsə də Superliqa yarışlarında iştirak edərkən, klubumuzun 15-16 nəfər oyunçusu meydançada görünürdü və bu, hər kəsdə təəccüb və maraq yaradırdı ki, İntizar xanım bu qədər voleybolçunu haradan tapa bilib?

Keçən mövsüm Superliqa yarışları başa çatdıqdan sonra klubun 2 oyunçusu – Əliyev Rəşad və Mustafayev Ələsgər millinin heyətinə dəvət olundu və bir müddət təlim-məşq toplanışında iştirak etdilər.

Hal-hazırda həmin oyunçular və bundan əlavə, daha 3 nəfər mənimlə heç bir söhbət aparılmadan, mənə məlumat verilmədən “Neftçi”yə aparıldılar.

Həmin 5 oyunçudan iki nəfərinin boyu 200 sm-dir. Azərbaycan voleybolunda belə ucaboylu neçə oyunçu var? Daha bir oyunçum isə ”Xaarı bülbül”ə mənim razılığım olmadan getdi.

Məsələ ilə əlaqədar dəfələrlə «Neftçi» İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqova müraciət etdim və oyunçuların bu şəkildə getməsinə öz etirazımı bildirdim.

Ən azından, oyunçunun bir klubdan digərinə keçməsi reqlament ilə nizamlanır. Əlbəttə ki, sözügedən hadisələrin bu cür qeyri-qanuni şəklidə cərəyan etməsində AVF-nın da böyük günahı var.

Çünki onlar öz yazdıqları və qəbul etdikləri reqlamentə hörmət etmirlər. Bu oyunçu oğurluğu deyilsə, bəs nədir?".

O, klubuna qarşı qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırıb:

“Mən uzun illər bu oyunçularla işləmişəm. Hətta əməkhaqqı almadığım dövrlərdə belə, həmin oyunçuları klubda saxlamağı bacarmışdım.

8 il iştirak etdiyimiz çempionatda bizə ayrılan vəsait çox cüzi olub və bu, ancaq 3-4 mövsümü əhatə edib. Təsəvvür edin ki, mənə ayrılan vəsait 2019-2020-ci il mövsümündə cəmi 4000 manat olub.

İndi mən Cavid Qurbanovdan soruşuram: Azərbaycanda hansı komanda idman növündə 4000 manata klub maliyyələşdirirlər?

Xahiş edirəm, Cavid Qurbanov mənim bu sualımı cavablandırsın. Hal-hazırda AVF-da vəzifə tutan rəhbər işçilərin və klub rəhbərlərinin əməkhaqqları 5000 manat təşkil edir.

Yeganə klub rəhbəri mənəm ki, mütəxəssis və Azərbaycanın Əməkdar Məşqçisi olmağıma rəğmən, məni düz 9 aydır ki, əməkhaqqından məhrum ediblər.

«Azərreyl»in prezidenti Dağıstan Hüseynov, «Murov»un prezidenti Zaur Musayev, «Abşeron»un prezidenti İlkin Qasımov, həmçinin federasiyanın 70 yaşlı vitse-prezidenti Əbülfəz Hüseynov, adlarını çəkmək belə, istəmədiyim şəxslər Cavid Qurbanovun qohum-əqrəbası, yaxın adamlarıdırlar və Azərbaycan voleyboluna heç bir aidiyyatı olmayan insanlardır.

Bu insanların əksəriyyəti banklardan, restoranlardan, nə bilim, barlardan voleybol federasiyasına təşrif buyuraraq, yüksək əməkhaqqı alırlar.

Buradan da bu qənaətə gəlmək olur ki, Cavid Qurbanov AVF-nı maliyyələşdirmək adı altında, sadəcə, öz qohum-əqrəbasını saxlayır.

Təkcə yuxarıda qeyd etdiyim şəxslərin əməkhaqqlarını bir yerə toplasaq, bu pullarla 3 klubu maliyyələşdirmək olar”.

İntizar xanım, Fərid Xəlilovun AVF-nın baş katibi vəzifəsinə seçilməsinə də toxunub:

“Əvvəla qeyd edim ki, onu heç kim federasiyaya baş katib vəzifəsinə seçməyib. F.Xəlilovun voleybola heç bir aidiyyatı yoxdur.

Onun adamı Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Vüsal Aslanovdur. F.Xəlilov məhz bu insanın vasitəsilə AVF-nın baş katibi vəzifəsinə keçib. Avropa ölkələrinin voleybol federasiyalarında baş katib vəzifəsini icra edən şəxslər ictimai əsaslarla işləyirlər.

Avropa Voleybol Federasiyalarında bu qədər yüksək əməkhaqqını vitse-prezidentlər də almır. Avropada əsas güc, yəni, maliyyə vəsaitləri klublara yönləndirilir.

Çünki uşaqlar, yeniyetmələr və gənclər klublarda yetişir və sonradan milli komandaları formalaşdırırlar. Bizdə isə tam əksinədir.

Soruşa bilərsiz, mən bunları haradan bilirəm? 2011-2014-cü illərdə kişilərdən ibarət milli komandaya rəhbərlik edərkən, dəfələrlə Avropanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə iştirak etmişəm.

Görüşdüyüm insanlarla ünsiyyət qurmuşam, onlarla ölkə federasiyaları və klublar haqqında məlumat toplamışam.

Yeri gəlmişkən deyim ki, AVF-nın baş katibi Famil Xəlilov bu vəzifəni ələ keçirdikdən sonra özünə 5000 manat maaş təyin edib. Hətta sürücüsünə təyin etdiyi əməkhaqqı federasiyanın bəzi əməkdaşlarının maaşından qat-qat yüksəkdir.

Federasiyaların baş katibləri, adətən, bütün təşkilati işləri aparan, demək olar ki, bu qurumların “çalışan beyinləri” hesab olunurlar.

Onlar qurumlarda bütün problemləri həll edən, hər bir məşqçi, oyunçu və klub rəhbərinə öz kömək əlini uzadan şəxslərdir. AVF-nın baş katibi isə ancaq öz mənfəətini güdən şəxsdir.

Bu, belə olmasaydı, o, özünə maliyyəçi adı qoyaraq, klublara ayrılan pullarla öz şəxsi problemlərini həll etməzdi. Bu mövsümdə «Murov» və «Azərreyl» “Çağırış Kuboku” yarışlarına qatıldılar.

Bu klublar mübarizəni tez dayandırmalı oldular. Hər bir klubun, istər “Çağırış Kuboku”, istərsə də CEV Cup yarışlarına qatılmaq haqqı var.

Gərək ki, buna zəmin olsun. Əgər bir tərəfdən federasiya rəhbərliyi maliyyənin kifayət qədər olmamasını əsas gətirirsə, bəs nəyə görə bu işlər bu qədər qeyri-peşəkarcasına icra olunur?

Əgər “Murov” və «Express»i maliyyə cəhətdən müqayisə etsək, dəhşətli fərqlə üzləşərik. “Murov”a hər ay 150 min manai ayrılır. Bizim kluba bir qəpik belə, ayrılmır.

Hansı səbəbdən bunun baş verdiyini gəlin analiz edək: neçə illərdir ki, mən «Murov»un işi ilə yaxından tanışam. Bu vaxta qədər bir nəfər oyunçu belə, yetişdirməyiblər.

Hər mövsüm yüksək maliyyə ilə təmin olunmalarına baxmayaraq, onlar oyunçu yetişdirmək marağında deyillər. Yüksək əməkhaqqı, ən yaxşı şərait və daha çox vəsait hesabına illərdir ki, bu klubun məşqçiləri başlarını girələyirlər. Məqsədləri hər zaman xarici ölkələrdən oyunçu gətirmək və bu oyunçuların hesabına çempionatın medallarını qazanmaq olub.

“Çağırış Kuboku”nda da işlər ancaq bu istək üzərində qurulmuşdu. Qonşu ölkələrimiz olan, istər Rusiya, istər Türkiyə və həmçinin Avropa ölkələri “Çağırış Kuboku” yarışlarına gəncləri, yəni, 17-18 yaşlı oyunçuları cəlb edirlər.

Bizdə isə 30-35 yaşlı kişiləri meydançaya çıxararaq, nəsə sensasiya yaratmaq istǝyirlər.

“Çağırış Kuboku”nda iştirak etmək üçün «Murov»un rəhbərliyi tərəfindən xarici ölkələrdən dəvət olunmuş yararlı və yararsız legionerlərin hər biri ilə 4000 manat məbləğində imzalanmış müqavilələri, bu oyunçuların icazəsi üçün beynəlxalq qurumlara ödənilən rüsumları, yol, ev və yemək xərclərini, sonradan dəvət olunan daha “professional” oyunçular üçün çəkilən xərcləri nəzərə alsaq, görərik ki, külli miqdarda vəsait göyə sovrulur və dağıdılır.

Bu qədər səriştəsiz qurulmuş işlərin nəticəsində «Murov» “Çağırış Kuboku”nda öz çıxışını yarıda dayandırmalı oldu”.

İntizar Məmmədova bildirib ki, maliyyə vəsaiti üçün digər qurumlara da müraciət edib:

“Hələ sentyabr ayının əvvəllərində mən maliyyə məsələsi ilə əlaqədar olaraq, bir neçə iş adamına məktub vasitəsilə müraciət etdim.

Lakin nəticəsiz qaldı. «Express Baku»nun tərkibinin əsasən yeniyətmə və gənc oyunçulardan ibarət olmasını nəzərə alaraq, elm və təhsil naziri Emin Əmrullayeva məktub göndərdim.

Həmin məktubda əsaslandırdım ki, klubumuzun üzvləri içərisində həm yuxarı sinif şagirdləri, həm də ali məktəbin birinci-ikinci kurs tələbələri var.

Amma 29.11.2022-ci il tarixində nazirliyin 07-7-2036/10 saylı məktubu ilə mənə bildirildi ki, nazirliyin xərclər smetasında sponsorluq məqsədi üçün vəsait nəzərdə tutulmayıb.

Mən bu məktubu alandan sonra öz-özümdə belə qənaətə gəldim ki, cənab Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsini icra edir.

Heç bir basketbol klubu Cavid Qurbanova məktub yazıb, ondan köməklik istəmir və bütün bu işlərə cavabdehlik daşımalı olan və mənim federasiyamın prezidenti Cavid Qurbanov olan yerdə Emin Əmrullayevdən umacağım nə ola bilər ki?

Noyabr ayının əvvəlində gənclər və idman naziri Fərid Qayıbovun qəbulunda oldum və 2 həftə sonra nazir müavini Mariana Vasileva özü də məni qəbul etdi.

Həm Fərid müəllim, həm də Mariana xanımın yanında olarkən, mən onlara ailə durumumun və mənzil şəraitimin ağır olması barəsində məlumat verdim. Həmçinin klubun problemi haqqında da onları məlumatlandırdım.

Mənzil şəraitimin ağır olması ilə əlaqədar mən hələ 2022-ci ilin fevral ayında cənab Prezident İlham Əliyeva məktub göndərmişdim. Həmin məktubda mənzil şəraitimin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etmişdim.

Mən Fərid müəllimin qəbulunda olarkən, Prezident Administrasiyasından köməklik göstərilməsi üçün nazirliyə daxil olan məktub barəsində onlar artıq məlumatlı idilər.

Ancaq nə fayda? Nə mənim klubuma vəsait ayrıldı, nə də mənim mənzil şəraitim yaxşılaşdırıldı.

Cənab nazir qəbulda əyləşmiş bütün komissiya üzvlərinin yanında mənə bildirdi ki, Faiq Qarayev kimə desə, mənzili ona da verəcəyik. Həqiqətən də belə oldu”.

İntizar xanım daha sonra bildirib:

“Son sözümü, əlbəttə ki, AVF-in prezidenti Cavid Qurbanova demək istərdim.

Cavid Qurbanova demək istərdim ki, Azərbaycan Voleybol Federasiyasına prezident seçildiyiniz 6-7 il ərzində siz heç zaman gənc klub olan «Express Baku»nun oyunçuları və məşqçilərinin problemləri ilə heç vaxt maraqlanmamısız.

Əfsuslar olsun! Baxmayaraq ki, bu, federasiya prezidenti olaraq sizin vəzifə borcunuz idi. Dəfələrlə sizə yazdığım məktublar, müraciətlər cavablandırılmadı.

Əksinə, sizin adamlarınız tərəfindən mənə qarşı olan təzyiqlər getdikcə daha da şiddətlənirdi. Bu gün də həmin vəziyyət davam edir.

Bir şeyi yaddan çıxarmayın ki, mən və oyunçularım erməni deyilik. Sizin qohum-əqrəbanız və adamlarınız AVF-da yaxşı yerləşib, qazandığı pullar sayəsində istədiyi kimi yaşayırlar.

Lakin elə fikriləşməyin ki, voleybol aləmində olan başqa mütəxəssislərin də işi əla gedir.

Əgər bir federasiya prezidenti kimi, tutduğunuz vəzifəni icra edə bilmirsizsə, çox xahiş edirəm ki, tutduğunuz vəzifəni tərk edin. İnanın ki, bu təkcə mənim yox, əsl voleybol ailəsinin çoxdankı arzusudur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib demək istərdim ki, mən uzun illər öz işimi sədaqətlə və qüsursuz icra etmişəm.

44 illik zəhmətimin bəhrəsində gördüyüm yeganə mükafat Azərbaycan Respublikasının Əməkdar məşqçisi adının mənə verilməsi olub. Və buna görə də mərhum nazirimiz Azad Rəhimova minnətdaram.

Rəhbərlik etdiyim klubun oyunçuları öz vətənpərvərliyi ilə həmişə seçilib.

44 günlük Vətən Müharibəsində klubumuzun yetirməsi olan Rzayev Laçın Daxili Qoşunların tərkibində, klubun oyunçusu Hidayətzadə Elvin isə Milli Ordunun tərkibində böyük döyüş yolu keçib. cənab Prezidentin sərəncamıyla medallarla təltif olunublar.

Voleybolda olduğum 44 il ərzində gənclərlə işlədim, onları vətənpərvər ruhda tərbiyə etdim, vətən sevgisi aşıladım və buna nail oldum.

Yuxarıda adlarını qeyd etdiyim iki yetirməm buna bariz nümunədir. Təəssüf ki, bu illər ərzində yalnız və yalnız haqsızlıqlarla qarşılaşdım, aldadıldım”.

Xəbər Lenti