"Anam səhər saat 5-də göz yaşları içində mənə zəng vurub dedi ki…"

7 Mart 2022 00:50 Voleybol 806
"Anam səhər saat 5-də göz yaşları içində mənə zəng vurub dedi ki…"

"Ölkəmdə baş verənlərə heç kim inanmır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk ölkəsi Ukraynada gedən müharibə barədə danışarkən deyib.

23 yaşlı hücumçu bildirib ki, fikrini oyuna cəmləməkdə çətinlik çəkir:

"Çünki hər səhər yuxudan oyananda, məşqdən əvvəl və ya sonra Ukraynada baş verənləri izləyirəm.

Voleybol mənim işimdir. Ona görə də bu müharibənin mənə təsir etdiyini mümkün qədər az göstərməyə çalışıram.

Təəssüf ki, Macarıstanda bu barədə Polşadakı qədər danışılmır. Polşalıların bizə bu qədər kömək etmələri məni yaxşı mənada təəccübləndirdi".

Ailəsinin Krımla sərhəddə yerləşən Xerson şəhərində yaşadığını söyləyən Bayduk onların hələ də Ukraynada olduğunu vurğulayıb: "Bilmirəm, belə bir imkanları olsaydı, gedərdilərmi. Amma belə alternativ yox idi. Səhər saat 5-də anamın göz yaşları içində mənə zəng edərək müharibənin başladığını, bizi Krımdan ayıran o şəhərlərin artıq olmadığını dediyi anı heç vaxt unutmayacağam. Dəhşətlidir, hətta mülki şəxslərin belə, xilas olmaq üçün heç bir yolu yoxdur. İndiyədək ailəmlə əlaqə nisbətən yaxşı idi. Son iki gündə şəhərdə şəbəkə bağlanıb, əlaqə saxlamaq mümkün deyil. Televiziyada ancaq Rusiya kanalları yayımlanır. Bu, heç vaxt hazır olmadığımız vəziyyətlərdən biridir. Elə bilirdik ki, belə bir dövrdə müharibə mümkün deyil. İkinci Dünya Müharibəsindən sonra hamı "bir daha belə şey olmasın" deyə təkrar edirdi. 2014-cü ildəki vəziyyətdən sonra Rusiyanın müharibəyə başlayacağından qorxduq, amma sonadək hər şeyin danışıqlar yolu ilə həll olunacağına ümid etdik. Sonradan məlum oldu ki, bu, belə deyil".

Bayduk hazırda Macarıstanın "Dioşdyor" klubunda çıxış edir. Voleybolçu ölkəsində vəziyyətin yaxşı olmadığını bildirib:

"Hamının bildiyi kimi, Rusiya Krımı 2014-cü ildən ilhaq edib, ona görə də ruslar ora çox sürətlə köçə biliblər. Lakin son günlərdə sübut etdik ki, bura Ukrayna şəhəridir.

Mən də ukraynalı olduğum üçün bu insanlarla eyni fikirdəyəm. Bildiyimə görə, bütün Ukraynada vəziyyət pisdir.

Amma şərqdəki sərhəd şəhərlər və göydən raketlər düşən Kiyev daha çətin durumdadır. Hamımız ümid edirik ki, müharibə mümkün qədər tez bitəcək".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı