“Zirə”nin legioneri ilə ailə quran millimizin üzvü analıq məzuniyyətinə çıxdı və... FOTOLAR

20 Avqust 2021 18:00 Voleybol 1 103
“Zirə”nin legioneri ilə ailə quran millimizin üzvü analıq məzuniyyətinə çıxdı və... FOTOLAR

"Voleybol üçün çox darıxmışam. Məlum səbəblərdən bu Avropa çempionatında iştirak edə bilmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin voleybolçusu Yelizaveta Krneta deyib.

Ruban və Səmədova soyadları ilə tanınan hücumçu “Zirə”nin serbiyalı sabiq legioneri Yovan Krneta ilə ailə həyatı qurub.

Analıq məzuniyyətində olduğu üçün bir müddət voleyboldan kənar qalan oyunçu qadınlar arasında Avropa çempionatının final mərhələsi barədə fikirlərini açıqlayıb:

“Hazırda Serbiyadayam və yavaş-yavaş burada fiziki məşqlərə başlayıram. Avqustun 20-də komandamız çempionatın ilk matçına çıxacaq.

İkiqat sevincliyəm. Çünki Azərbaycan millisi qrup oyunlarını Serbiyanın paytaxtı Belqradda oynayacaq.

Çalışacam ki, komandamın bütün oyunlarını arenadan izləyim və onlara dəstək olum”.

Yelizaveta yığmadakı komanda yoldaşları ilə daim əlaqədə olduğunu da bildirib:

“Demək olar ki, hər gün komanda yoldaşlarımla danışırdım. Millimiz Avropa çempionatına iki ay hazırlıq keçib və yoxlama oyunlarında gücünü yoxlayıb.

Mənim fikrimcə, hər bir komandada müəyyən problemlər olur. Amma belə mötəbər yarışda çıxış edən komandanı dəstəkləyən insanlar onlardan yalnız gözəl oyun və qələbə gözləyir.

Düzdür, bu Avropa çempionatında bəzi voleybolçularımız məlum səbəblərdən iştirak etmir və komandamız güclü rəqiblərlə bir qrupda mübarizə aparır. Düşünürəm ki, Avropa çempionatında iştirak edən hər bir komanda güclüdür”.

Voleybolçu yığma üzvlərini mübarizə aparmağa səsləyib: “Buna görə qızlarımız hər setdə, hər matçda sona kimi mübarizə aparmalı və öz oyunlarını mükəmməl oynamalıdırlar.

Komandamıza uğurlar arzu edirəm. İnanıram ki, onlar yaxşı çıxış edəcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti