Millimizin kapitanı üzləşdikləri problemləri açıb-tökdü

11 May 2021 23:20 Voleybol 615
Millimizin kapitanı üzləşdikləri problemləri açıb-tökdü

Avropa Çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yer aldığı F qrupunda artıq üç görüş keçirib.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I dövrənin görüşlərində yığmamız Monteneqro (1:3), Gürcüstan (3:0) və Yunanıstan (3:0) seçmə komandaları ilə üz-üzə gəlib.

Bir neçə gün sonra isə millimiz II dövrənin oyunları çərçivəsində bu rəqiblərlə yenidən münasibətlərinə aydınlıq gətirəcək.

Məlum məsələdir ki, koronavirus pandemiyası səbəbindən idmançılarımız uzun müddət yarışlardan uzaq qalıblar.

Məşqlərdən kənar qalmaq onlara fiziki cəhətdən təsir etdiyi üçün bunun nəticəsi oyunlarda da özünü büruzə verir.

Sportinfo.az xəbər verir ki, bunu millimizin üzvləri fanat.az-a danışarkən bildiriblər.

Yığmamızın voleybolçusu Elmin Alışanov geridə qalan 3 oyunu belə dəyərləndirib:

"Pandemiya səbəbilə 13 aydır idman zalları bağlıdır və bu müddətdə məşqsiz qalmışıq. Təsnifat mərhələsinin oyunlarına hazırlaşmaq üçün çox az vaxtımız oldu. 20 günlük təlim-məşq toplanışından sonra Gürcüstana yollandıq. Bundan əlavə, komandanın tərkibində dəyişiklik olub, heyət cavanlaşdırılıb. İlk oyunumuz Monteneqroya qarşı oldu və 1:3 hesabı ilə məğlub olduq. Bunları nəzərə alsaq, əslində çox yaxşı oyun göstərdik. Bütün setlər gərgin mübarizə ilə keçdi. Növbəti görüşdə meydan sahibi Gürcüstana 3:0 hesabı ilə qalib gəldik. I dövrənin son oyununda isə yunanlara 0:3 hesabı ilə məğlub olduq. Bu matçda da bacardığımız qədər yaxşı oynamağa çalışdıq. Ancaq məlum məsələdir ki, rəqib komandaların oyunçuları bizdən fərqli olaraq pandemiya dövründə həm məşq ediblər, həm də yerli çempionatda oynayıblar. Hazırda komandamızda atmosfer çox yaxşıdır. Məşqlərimiz də qaydasındadır. Yeni baş məşqçimiz Pərviz Səmədov da təsnifat mərhələsinə hazırlıq üçün qısa müddət ərzində əlindən gələni edir".

Azərbaycan millisinin kapitanı Tural Həsənli Fanat.az-a açıqlamasında karantin səbəbindən 1 ildən artıq vaxt məşqsiz qalmağın onlara necə təsir etdiyini belə izah edib:

"Bütün dünyada olduğu kimi, pandemiya bizdə də çətinliklər yaratdı. 13 ay məşqsiz qalmaq çox çətindir. Yarışa 2 həftəlik təlim-məşq toplanışından sonra gəlmişik. 13 aylıq aradan sonra 2 həftəlik məşq prosesi ilə peşəkar idmançılar sadəcə sahib olduqları bədəni formada saxlamağa çalışırlar. Hazırda bütün heyətin üzvlərində bədən ağrıları var. Çünki 13 ay ərzində məşq etmək şansımız olmayıb. Əvvəlki formaya qayıtmaq üçün 3-4 aylıq məşq lazımdır. Əvvəlki gücümüzü bərpa etmək üçün isə xeyli müddət gərəkdir. Nəzərə almaq lazımdır ki, peşəkar idmançılar üçün bədəni bərpa etmək çətindir. İndiki şərtlərdə yalnız sahib olduğumuz standart formanı saxlamağa və bu ağrılarla nəsə etməyə çalışırıq. İnşallah, hər şey yaxşı olar. Qarşıda II dövrənin oyunları var. Oyunlar Monteneqroda olacaq. Komandamızdan çox şey gözləyirik. I dövrədən daha yaxşı nəticə əldə etmək istəyirik. Monteneqro və Yunanıstanda çempionat dayanmamışdı və oyunçuların çoxu xarici ölkələrdə oynayırdı, bizdə isə qapanmalar oldu, məşq etmək belə alınmadı. Ona görə bizim üçün daha çətindir. Amma ümumilikdə komandada atmosfer çox gözəldir. Məqsədimiz qələbə, seçmə mərhələdə uğurla çıxış etməkdir. İnşallah, bunun üçün də çalışacağıq".

Qeyd edək ki, Avropa Çempionatının təsnifat mərhələsində II dövrənin oyunları çərçivəsində F qrupunda yer alan millimiz 14 mayda Monteneqro, 15 mayda Yunanıstan, 16 mayda isə Gürcüstan yığması ilə qarşılaşacaq.

Xəbər Lenti