“Hər birimiz çalışmalı, yenə əlimizdən gələni etməliyik”

4 May 2021 11:00 Voleybol 1 238
“Hər birimiz çalışmalı, yenə əlimizdən gələni etməliyik”

Azərbaycan Voleybol Federasiyasının baş katibi, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib.

Sportinfo.az xəbər verir ki, CEV-in İdarə Heyəti yeni tərkiblə ilin II toplantısını İtalyanın Verona şəhərində keçirib.

İclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.

O, çıxışı zamanı ötən ilin yazından dünyanı bürüyən koronavirus pandemiyasının idmana, o cümlədən voleybola olan mənfi təsirlərindən və onunla mübarizə yolundan, həmçinin gələcək üçün qarşıda duran planlardan danışıb.

CEV prezidenti 2021-ci ilin voleybolsevərlər üçün həyəcanlı bir il olduğunu qeyd edib. Aleksandr Boriçiç bildirib ki, Konfederasiyanı qarşıda Avropa çempionatı, çimərlik voleybolu üzrə qitə birinciliyi və Tokio-2020 Yay Olimpiya Oyunları kimi gərgin yarışlar gözləyir:

“CEV və İdarə Heyətinin hər bir üzvü hər zaman voleybolun inkişafı üçün çalışıb və yenə də əlimizdən gələni etməliyik”.

Daha sonra CEV prezidenti və İdarə Heyətinin üzvləri mayın 1-də Verona şəhərində keçirilən qadınlar və kişilər arasında Çempionlar Liqasının final oyunlarını izləyiblər.

Həlledici matçları qitə qurumunun rəsmiləri ilə birgə Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ari Qraça da canlı izləyib.

Qadınların yarışında “Konegliano” (İtaliya) “VakifBank”ı (Türkiyə), kişilərin yarışında isə ZAKSA (Polşa) “Trentino”nu (İtaliya) məğlub edərək Avropanın ən nüfuzlu klub turnirinin qalibi adına sahib olublar.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı