Millinin karyerasını bitirən hücumçusu: "Artıq ailə qurmağın vaxtıdır" - VİDEO

26 Aprel 2021 11:20 Voleybol 1 498
Millinin karyerasını bitirən hücumçusu: "Artıq ailə qurmağın vaxtıdır" - VİDEO

Sportinfo.az voleybol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədovanın müsahibəsini təqdim edir:

- Voleybolçu karyeranızı başa vurmağınıza səbəb nə oldu?
- Bu il 37 yaşım olacaq. Düşündüm ki, artıq vaxtdır. Cari mövsümü Fransanın "Volero Le-Kanne" klubunda keçirdim. Mövsümün sonuna yaxın qərara gəldim ki, nöqtəni də elə burada qoyum.

- Zədələrin rolu nə qədər oldu?
- Əlbəttə, yaşla yanaşı, zədələr də öz sözünü dedi. Bu iki amil birlikdə təsirini göstərdi.

- Karyeranız ərzində həyata keçməyən əsas arzunuz nə oldu?
- Sözsüz ki, Çempionlar Liqasını qazanmaq istəyirdim. Amma buna bir dəfə də nail olmadım. Habelə, Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və qatılmağı arzulayırdım. Başa düşürəm ki, Azərbaycan millisində olimpiya çempionluğu ehtimalı az idi. Lakin olimpiadada iştirak etmək də gözəl olardı. Alınmadı... Qalan karyeramdan razıyam.

- Bunadək sizə böyük ehtiyac duyulduğu vaxt yığma karyeranızı başa vurmuşdunuz...
- Artıq eyni vaxtda klub və yığmada oynamaq ağır idi. Ona görə də 2018-ci ildə Yaponiyada keçirilmiş dünya çempionatından sonra milli komanda karyeramı bitirdim və çıxışlarımı klublarda davam etdirdim. İndi isə karyeramı tam başa vurduğumu elan edirəm.

- Çıxış etdiyiniz klublardan hansını xüsusi fərqləndirərdiniz?
- Bir çox uğurlu, müsbət nəticələr əldə etmiş klubum olub. Əlbəttə, daha çox "Volero"da oynamışam. Əvvəlcə İsveçrənin, indi isə Fransanın bu adda klublarının formasını geyinmişəm. Ona görə də karyeramı burada bitirmək mənim üçün vacib idi. Uğurlarına görə isə hansısa klubu fərqləndirə bilmərəm. Onların sayı çox və hər biri gözəl idi.

- Bəs Faiq Qarayevi necə xarakterizə edərdiniz?
- Faiq Qarayev mənim üçün çox şey edib, mənə çox şey verib. Azərbaycan komandaları ilə beynəlxalq arenalarda oynamışam, mənim haqqımda bütün dünyada xəbər tutublar. Çox şadam ki, karyeramda Azərbaycan millisindəki oyunların da çəkisi var. Bu komanda ilə çox şeyə nail olmuşuq və ölkəni dünya voleybolunda müəyyən səviyyəyə çatdırmışıq. Qarayev isə karyeramda çox qiymətli insandır.

- Bəzən sizinlə Faiq Qarayev arasında müəyyən anlaşmazlıqların olduğuna dair iddialar da səsləndirilirdi. Bunlar nə dərəcədə doğru idi?
- Bizim heç bir anlaşmazlığımız olmayıb. O, mənim üçün ata kimidir, bizi bir şəxsiyyət və oyunçu kimi tərbiyə edib, bizə həyatda çox şey verib. Buna görə də anlaşmazlıq hazırlığın, tərbiyənin müəyyən mərhələsində olub. Bir-birimizi başa düşməmək hərdən olur. Amma hər şeyi müzakirə ilə yoluna qoymaq mümkündür. Onunla yaxşı münasibətlərimiz var idi.

- Faiq Qarayevi işlədiyiniz baş məşqçilər arasında birinci yerə qoya bilərsiniz?
- Heç kimi birinci və ya ikinci yerə qoymayacağam. O, voleybolçu karyeramda əhəmiyyətli yer tutur. Amma birinci yerdə olduğunu deyə bilmərəm.

- Gələcək planlarınız nədən ibarətdir?
- Hələlik heç nə düşünmürəm, heç bir planım yoxdur. Sadəcə, istirahət edirəm. Fransa çempionatını yenicə başa vurmuşuq.

- Bəs harada yaşayacaqsınız: İsveçrədə, yoxsa Azərbaycanda?
- Nə İsveçrədə, nə də Azərbaycanda yaşayacağam. Bəlkə gələcəkdə ola bilər. Amma hazırda Fransada Nitsa şəhəri yaxınlığında yaşayıram.

- Ailə qurmağı necə, fikirləşirsiniz?
- Əlbəttə, ailə qurmağı düşünürəm. Fikrimcə, artıq vaxtdır.

- Bunadək karyeranız mane olurdu?
- Xeyr. Sadəcə, karyeraya daha çox diqqət yönəltmişdim. Əvvəlcə idman həyatımı qurdum, sonra isə ailə məsələlərinə vaxt ayırmağa başladım. İndi karyeramı başa vurur və ailə ilə məşğul olmağa başlayıram (report).

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"