Millimizin üzvü niyə soyadını dəyişib? - "Ailə qurub, sonra boşanıb"

17 Yanvar 2021 21:20 Voleybol 872
Millimizin üzvü niyə soyadını dəyişib? - "Ailə qurub, sonra boşanıb"

Azərbaycan Voleybol Federasiyası (AVF) milli komandanın oyunçusu Olena Həsənovanın soyadını dəyişməsinə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, qığmanın meneceri Oksana Kurt apasport.az-a açıqlamasında 26 yaşlı blokçunun ölkəmizə gələnədək daşıdığı Xarçenko soyadını qaytarmasını adi hal kimi dəyərləndirib.

Onun sözlərinə görə, Macarıstanın “MCM-Diamant” klubuna keçən voleybolçunun transferi hələ AVF-da qeydiyyatdan keçməyib:

“Olena Həsənova-Xarçenkonun Macarıstanda müqavilə imzalaması barədə məlumat yayılıb. Düşünürəm ki, bu xəbər doğrudur. Çünki internetdə məlumat federasiyaya gəlməzdən daha tez yayılır.

Quruma transferlə bağlı rəsmi sorğu hələ gəlməyib. Düşünürəm ki, bu da yaxın 2-3 gün ərzində baş verəcək”.

Kurt əslən ukraynalı olan voleybolçunun yığmanın Niderlanddakı Avropa Olimpiya Təsnifat Turnirinə gəlməməsinə də aydınlıq gətirib:

“Olena Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yığmanın düşərgəsinə gəlməməsini sağlamlığı ilə bağlı problemlə əsaslandırmışdı. Bildirmişdi ki, həkimlər ona məşq etməyə icazə vermir. O, federasiyaya sağlamlığı barədə rəsmi sənəd də təqdim edib”.

Menecer 2014-cü ildə milliləşdirilən Həsənovanın yenidən Xarçenko olmasını ailə məsələləri ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, Olenanın soyadı dəyişdirməsinin yığmadakı karyerasına heç bir təsiri olmayacaq:

“Olena ötən ilin sentyabrında yeni sənədlər düzəltmək üçün Bakıya gəlib. O, bəzi federasiya nümayəndələri ilə də görüşüb.

Qurumla heç bir problemi olmadığını söyləyib və məmnuniyyətlə yığmada çıxışını davam etdirəcəyini bildirib. Onun soyadının dəyişməsinə gəlincə, belə hallar yaşanır.

Ailə həyatı qurub, sonra boşanıb. Ayrıldıqdan sonra öz əvvəlki soyadını qaytarmaq istəyib. O, sentyabrda Bakıya gələndə yeni pasport alıb və təbii olaraq burada onun ailə qurmamışdan öncəki soyadı əks olunub.

Beynəlxalq federasiyanın qaydalarına əsasən biz oyunçuların pasportlarındakı istənilən dəyişikliklər barədə onları məlumatlandırmağa borcluyuq.

Biz də Olenanın yeni pasportunu onlara təqdim etdik. Federasiya da onun sistemdəki soyadını dəyişdi. Bundan sonrakı yığma və klub səviyyəli bütün yarışlarda Olena əvvəlki soyadı - Xarçenko kimi çıxış edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti