
“Fənərbaxça”nın braziliyalı qapıçısı Ederson Moraesin yaşıl meydanlara nə zaman dönəcəyi məlum olub.
Sportinfo.az xəbər verir ki, bu barədə idman jurnalisti Yağız Sabuncuoğlu “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Türkiyə Super Liqasının 8-ci turunda “Fənərbaxça”nın səfərdə “Samsunspor”la 1:1 hesabı ilə bərabərə qaldığı qarşılaşmadan öncə zədələnən və heyətdən çıxarılan Edersonun müalicə prosesi artıq başlayıb.
Edersonun növbəti turdan etibarən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.
Məlumata görə, təcrübəli qapıçı hazırda fərdi bərpa proqramı çərçivəsində çalışır və həkimlər onun vəziyyətinin yaxşı istiqamətdə irəlilədiyini bildiriblər.
“Fənərbaxça” Edersonu “Mançester Siti” klubundan 11 milyon avro qarşılığında transfer edib. Braziliyalı qolkiper bu mövsüm “sarı-lacivərdlilər”in heyətində 5 oyuna çıxıb və onlardan 2-də qapısını toxunulmaz saxlayıb.