Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın növbəti dəfə "Qalatasaray"a transferi ilə bağlı növbəti məlumatlar yayılıb.
Sportinfo.az xəbər verir ki, Türkiyənin "Miliyyet" qəzeti erməniəsilli rusiyalı futbolçunun İstanbul təmsilçisinə keçməyə yaxın olduğunu yazıb.
Qarabağda dünyaya göz açmış Arsenin bu transferə müsbət baxdığı, artıq İstanbula gəldiyi, hətta “Qalatasaray”ın bazasından 5 km uzaqlıqda yerləşən oteldə qaldığı iddia olunub.
Klub bununla bağlı rəsmi açıqlama verməyib.
Amma Rusiyanın championat.com saytı öz mənbələrinə istinadən yazıb ki, Ağdərədə doğulmuş 19 yaşlı oyunçu İstanbul təmsilçisinə keçməkdə maraqlı deyil.
Bildirilib ki, klublar arasında bu transferlə bağlı razılıq olsa da, Zaxaryan "Qalatasaray"a getməmək qərarı verib.
Rusiya millisinin üzvü bu mövsüm daxili çempionatda 16 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib.

