“Fatih Karagümrük” Caner Erkin və Burak Bekaroğlu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Caner Erkin 2021-ci ilin sentyabrında “Fənərbaxça”dan ayrılaraq “Fatih Karagümrük”lə müqavilə bağlamışdı. Bu mövsüm sözügedən komandada 12 oyuna çıxan sol cinah müdafiəçisi 6 məhsuldar ötürmə müəllifi olub.
34 yaşlı futbolçu İstanbul təmsilçisində bütövlükdə 43 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə verib.
O, “Manisaspor”, ÇSKA (Moskva, Rusiya), “Qalatasaray”, “Fənərbaxça”, “İnter” və “Beşiktaş”ın da formasını geyinib. Təcrübəli futbolçu Türkiyə millisində də 63 oyun keçirib, 2 qol vurub.
Burak Bekaroğlu da 2021-ci ilin yayından “Fatih Karagümrük”ün uğurları üçün çalışırdı. 25 yaşlı stopper burada 35 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.