Yapon telekanalı Azərbaycan yığmasını dəstəkləmək üçün...

28 Yanvar 2020 10:10 Tokio-2020 886
Yapon telekanalı Azərbaycan yığmasını dəstəkləmək üçün...

Yaponiyanın “NHK Sports” telekanalı “Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarını dəstəkləmək istəyən yapon azarkeşlər üçün xüsusi videoçarx hazırlayıb.

Sportinfo.az xəbər verir ki, təqribən iki dəqiqəlik videoçarxda ölkəmizin coğrafi mövqeyi, dövlət atributları barədə məlumat verilir.

Görkəmli idmançıları ilə tanınan Azərbaycanın Yaponiyada da çoxsaylı dostlarının olduğu qeyd edilir. Hazırda Tokioda yaşayan həmyerlilərimiz Ziya və Çinarə Nur ana dilimizdə tamaşaçılara Azərbaycan xalçaçılıq sənəti barədə məlumat verərək, onun UNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi siyahısına daxil edildiyini bildirirlər.

Qeyd edirlər ki, detallı, həndəsi naxışlı, hətta portretlərin əks olunduğu nadir dizaynlı Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Bakıdakı Xalça Muzeyinin binasının xalça şəklində olduğu və unikal arxitekturası ilə görənləri heyran etdiyi vurğulanır.

Sonra azərbaycanlı idmançıların qələbəyə ruhlandırılması üçün azarkeşlərin Azərbaycan dilində istifadə etdiyi sloqanlar səslənir, hərəkətlər nümayiş etdirilir. Yapon azarkeşlər yarışlar zamanı azərbaycanlı idmançıları dəstəkləməyə dəvət olunurlar.

Telekanal tərəfindən Yay Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək bütün ölkələrin ana dilində hazırlanan həmin videoçarxlar yalnız “Tokio 2020” yarışları zamanı deyil,

Olimpiadadan sonra Yaponiyada keçiriləcək digər irimiqyaslı yarışlar zamanı idmançıların qatıldığı yarımfinal və final mərhələlərində də nümayiş etdiriləcək.

"Tokio 2020” Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin saytında yerləşdirilən bu videoçarxların, həmçinin Yaponiyanın bütün məktəblərində nümayiş olunması da nəzərdə tutulur.

Xəbər Lenti