“Onlar da bizi təəccübləndirmədi - İmtina edəcəyinə inanmıram”

27 İyul 2021 17:40 Sumqayıt 801
“Onlar da bizi təəccübləndirmədi - İmtina edəcəyinə inanmıram”

"Çukariçki"nin məşqçisi Pavle Delibaşiç Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları “Sumqayıt” barədə maraqlı fraza işlədib.

Sitat: "Bu oyun bizim üçün xüsusi önəm daşıyırdı. 90 dəqiqə ərzində qol vurmağa çalışsaq da, alınmadı.

Qarşıda cavab matçı var. Ümid edirəm ki, həmin oyunda rəqibin müdafiə xəttini yarıb qol vuracaq və növbəti raunda adlayacağıq".

43 yaşlı serbiyalı mütəxəssis bildirib ki, "gənclik şəhəri" təmsilçisi matçın heç bir hissəsində onu təəccübləndirməyib:

"Qol bura bilmədik. Oyunçu seçiminə gəlincə, səhv edə bilərik. Amma belə olmaya da bilər. Çünki 90 dəqiqə ərzindəki təzyiq bizim daha yaxşı olduğumuzu göstərdi.

Rəqibi müdafiədə saxladıq. "Sumqayıt" oyun ərzində heç nəyi dəyişə bilmədi. Qonaqların oyun üslubuna heç bir etirazım yoxdur".

Komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək. "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Sportinfo.az-a açıqlamasında serb mütəxəssisin fikirlərinə münasibət bildirib:

“Sumqayıt”ın oyunu qarşı tərəfi təəccübləndirmədiyi kimi, onlar da bizi təəccübləndirmədi. Necə oynayacaqlarını gözləyirdiksə, elə də oynadılar.

“Çukariçki” güclü rəqibdir, xüsusən standart vəziyyətlərdə təhlükəli olurlar. Səfərdən qolsuz heç-heçə ilə qayıtsaq da, başa düşürük ki, buradakı qarşılaşma daha ağır keçəcək.

“Çukariçki”nin cavab oyununda öz futbol fəlsəfəsindən imtina edəcəyinə inanmıram. Amma futboldur, hər şey ola bilər.

Çalışıb bütün ssenarilərə hazır olmalıyıq. Azərbaycan futboluna UEFA reytinqində xal qazandırmaq, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməi istəyirik”.

Digər Xəbərlər
Xəbər Lenti