Ölkəmizə qarşı yeni hərbi plan var? - Türkiyə müdafiə nazirinin dediyi o sözlər...

30 Oktyabr 2022 12:30 Sizdən Bizə 1 106
Ölkəmizə qarşı yeni hərbi plan var? - Türkiyə müdafiə nazirinin dediyi o sözlər...

Azərbaycan dövləti öz tarixinin növbəti həssas dönəmindən keçir.

Yenə böyür-başımızdakı düşmənlər, məkrli qonşular fəallaşıb.

Ölkəmizə qarşı az qala ortaq planlar içindədirlər. Söhbət öncəliklə İrandan və qlobal güclərin alət kimi istifadə etmək istədiyi Ermənistandan gedir.

Mövcud vəziyyətdə Azərbaycanın müdafiə qabiliyyətinin və qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqliyin daha da gücləndirilməsi ikiqat önəm daşıyır. Yeri gəlmişkən, ötən həftəsonu "Report"a danışan Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib ki, Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, hamısı təmin ediləcək. Nazirin sözlərinə görə, əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. “Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur”, - o bildirib. H.Akar həmçinin bildirib ki, bu mövzuda işlər çox uğurlu şəkildə davam edir: “Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Nazir hesab edir ki, əsas məsələ Azərbaycanın müdafiəsidir: “Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik”.

Söz yox ki, Şuşa Bəyannaməsi bir çoxlarının Azərbaycanla bağlı iştah dişlərini sındırmaq gücündədir. Bununla belə, Akarın yuxarıdakı sözləri sanki Azərbaycana qarşı hansısa hərbi təxribatın yaxında olmasından dolayı anonsu xatırladır. Erməni ekspertləri də tez-tez deyirlər ki, noyabrda sərhəddə toqquşmalar ola bilər. Erməni tərəfi onsuz da mövqelərimizi az qala hər gün atəşə tutur. Lakin daha genişmiqyaslı qarşıdurmalar mümkündürmü? H.Akar hərtərəfli yardım deyərkən nəyə işarə edir? Üstəlik, ötən həftə Ermənistanın sərhəd ərazisində təxribata hazırlıq gördüyü haqda daha bir görüntü yayılmışdı. Videoda erməni hərbçilərdən ibarət yük maşınlarının sərhədə istiqamət aldığı bildirilirdi. Bundan öncə Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sərhədə artilleriya və canlı qüvvə yığdığını açıqlamış, Ermənistan MN isə bu faktı təsdiq edərək, “cavab tədbiri” olduğunu bildirmişdi. Daha sonra isə sosial şəbəkələrdə muzdlu hərbçilərin və işlənmiş avtomobil şinlərinin sərhədə daşındığını əks etdirən görüntülər də yayılmışdı.

Ramil Məmmədli: 'Serj Sarkisyan yenə aprel döyüşlərindən danışaraq özünü  rüsvay etdi'

Ramil Məmmədli

Hərbi analitik Ramil Məmmədlinin bildirdiyinə görə, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır. Onun fikrincə, bu, ümumi prosesin tərkib hissəsidir. “Yəni Ermənistanın Azərbaycanla sərhəd istiqamətində bölgədə formalaşdırdığı müdafiə prosesinin bir hissəsidir. Ümumilikdə isə Ermənistan Azərbaycanla sərhədboyu ərazilərdə yeni mühəndis-istehkam xəttinin qurulmasını həyata keçirir. Müdafiə xəttinin formalaşdırılmasını yerinə yetirir. Bu müdafiə xətti təxminən 400 kilometrlik sərhəd zolağını əhatə edəcək. Bunu Ermənistan tərəfinin yaydığı qeyri-rəsmi və rəsmi məlumatlara əsasən bildirirəm. Müdafiə xətti Göyçədən, yəni təxminən bizim Daşkəsən, Gədəbəy əraziləri istiqamətindən Araz çayınadək olan əraziləri əhatə edir. Ermənistan ordusunun bu yeni müdafiə xəttini formalaşdırmaqda əsas məqsədi, təbii ki, gələcəkdə hər hansı bir addım atılarsa, onu sığortalamaq üçündür. Yəni istənilən halda hücumu həyata keçirmək istəyən ordu müdafiəni yüksək səviyyədə təkmilləşdirməlidir”, - deyə ekspert açıqladı.

Onun sözlərinə görə, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi, eyni zamanda yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır: “Təsadüfi deyil ki, bu prosesi həyata keçirən mühəndis-istehkam xidmətinə silahlı pilotsuz uçuş aparatları və döyüş təyyarələrinin hava zərbələrindən qorunmaq üçün zəruri sayılan qurğulara da diqqət yetirilməsi tapşırılıb. Ermənistanın bu cür addımları sülh müqaviləsinin bağlanması və sərhədlərin müəyyənləşməsinin ləngidilməsi üçün atılan addımlardır. Təhlükə var, əgər ordu yığılırsa, hərbi birləşmə varsa, yeni müdafiə xətti formalaşdırılırsa, artıq buna birmənalı olaraq yeni müharibənin başlanğıcı kimi yanaşmalıyıq. Hətta qarşıdurma olmasa belə, biz buna bu cür yanaşmalıyıq”.

Oxu.az - Ramiyə Məmmədova:

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, geniş hərbi eksalasiya yaxın tarix üçün gözlənilməsə də, hər an ordumuz bütün təxribat cəhdlərinə ayıq-sayıq olmalıdır: “Ermənistan tək deyil, İranı, Fransası var. Onlar bölgədə öz tərəfini müəyyən ediblər. Hətta Fransa istəyir ki, Avropa Birliyinin mülki missiyasını gələcəkdə hərbi kontingent əvəzləsin. O mənada Hulusi Akarın mesajlarını dəyərləndirmək olar. Cənab nazir demək istəyir ki, biz hər şeyimizlə Azərbaycan Ordusunun yanındayıq. Məncə, bu daha çox xarici auditoriyaya, eləcə də İrana ünvanlanmış fikirlərdir. Akar beynəlxalq aləmə çatdırır ki, Türkiyə Ordusu Azərbaycan Ordusu deməkdir. Şuşa Bəyannaməsinə əsasən, ərazimizə təhdid Türkiyəyə təhdid hesab edilir. Buradan Rusiya da öz ibrətini çıxarmalıdır. Çünki NATO ordusu bizimlədir. Fikrimcə, olduqca müsbət və fəxr ediləsi açıqlamalar idi. Türkiyənin bölgədə varlığı bizim gücümüzə onqat güc qatır”.

Ekspert hesab edir ki, Cənubi Qafqazın yeni xəritəsi uğrunda geopolitik savaş start götürüb: “Postmünaqişə dövrü artıq Qarabağ deyil, Ermənistan-Azərbaycan, Cənubi Qafqaz və onun bir parçası olan Zəngəzur müharibəsi ilə davam etməkdədir. Bölgə uğrunda mübarizəyə köhnə oyunçular yeni çağırışlarla qoşulmaqdadır. Bəli, Minsk Qrupu yoxdur, lakin həmsədr ölkə Fransa regionda aktivləşib, ABŞ Minsk Qrupunu reanimasiya edə bilmir, əvəzində bölgəyə Avropa Birliyi üzərindən qatılır, mülki missiya göndərilir, ATƏT də müşahidəçi göndərmək qərarı verib, Rusiya Ermənistana tarix boyu verdiyi dəstəyi kəsdilcə İrəvan hazırda üzü Qərbə getməkdədir, İran isə köhnə fiqur kimi əmmaməli cildində yenə proseslərə qarışıb, ancaq onun mövqeyi Fransa ilə uzlaşmaqdadır. Parislə Tehran erməni mövzusunda ən yaxşı dildə anlaşırlar. Bu mürəkkəb geosiyasi böhranda tərəflərin özünə görə maraqları var. Bizim də maraqlarımız Türkiyə ilə üst-üstə düşür və bu müttəfiqliyi gücləndirməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti