“Mövsümə uğursuz başlamışıq və heç uğurlu sonluq da görünmür”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Saatlı“nın prezidenti Ədalət Abdullayev deyib.
II Liqada ikinci mövsümünü keçirən aran təmsilçisi çətin perioddan keçir. Altı tura cəmi 1 xal toplaya bilmiş komanda turnir cədvəlinin son pilləsinə yuvarlanıb.
Bu azmış kimi, saatlılılar böyükhesablı məğlubiyyət sayında rekord qırmaqdadır. Özü də bu, doğma publika önündə baş verir.
“Şəki“dən 13 cavabsız qol buraxan “Araz“ı bu dəfə “Xankəndi“ “topa tutub“ - 14:0.
Saytımıza danışan klubun birinci şəxsi kifayət qədər maraqlı faktlar açıqlayıb:
“Səbəblər gün kimi aydındır - ciddi maliyyə sıxıntıları. Bu maliyyə sıxıntılarını futbolçular, məşqçilər - klubda hər kəs iliyinə qədər hiss edir.
Bütün bu çətinliklərin fonunda gənc, daha çox təcrübəsiz futbolçuları oyuna kökləmək çətin olur. Çatışmazlıqlarımızı bilirik. Amma onların aradan qaldırılması və düzəlməsi üçün addımlar atmaq olmur.
Komanda oyundan-oyuna toplanır. Yarıac-yarıtox oyuna çıxır futbolçular.
Daha çox gənc olduqları üçün bəziləri, xüsusən Saatlıdan olanların bu ağır şərtlərlə çıxıb meydanda xarakter göstərməyə mənəvi gücləri yetmir. Klub tamamilə tərk edilmiş haldadır.
Saatlıda klubun olması və mövcudluğunu qoruması heç kimə maraqlı deyil. Qonşu rayon və şəhərlərdə - Saatlıdan 2-3 dəfə böyük olan Sabirabad iki ildir İkinci Liqaya yüksəlmək üçün böyük pullar xərcləyir.
Respublika tabeli şəhər - Şirvan hələ bu mövsüm II Liqada iştirak etmək hüququ qazanıb. Biz isə üçüncü mövsümdür ki, peşəkar liqada mübarizə aparırıq.
Bu klubun rayon üçün necə bir dəyər olmasını, təəssüf ki, barmaq sayı qədər adam dərk edir, ya yox. Klubun rəsmi sosial şəbəkə hesablarında oyunların afişa postuna 1-2, yekun hesab postuna 10-larla rəy gəlir.
Görünür, insanımız prosesin iştirakçısı, hərəkətverici qüvvəsi olmaq əvəzinə, nəticəni müzakirə etməyə, məsuliyyətsiz lağ-lağı etməyə, bədbin deyingənliyə daha çox meyillidir.
Deyiləsi, danışılası çox dərd var. “Xankəndi“yə məğlubiyyət çox mətləblərin acı mənzərəsidir. Biz bu acınacaqlı nəticələrdən dərs çıxarmalıyıq.
Təkcə, "Araz Saatlı" və Saatlı rayonu olaraq yox, elə milli komandadan üzüaşağı doğru, bütün futbol təsərrüfatımızın və cəmiyyətimizin timsalında“.

