At yiyəsinə görə kişnəyir.
Ötən həftədən bəri bu sualı mənə tez-tez verirlər ki, «Şamaxı» necə oynayır?
Komandanın kağız üzərində baş məşqçisi Vüqar Əsgərli mətbuat konfransında nə cür danışırsa, nə deyirsə, «Şamaxı» da meydanda o cür təsir bağışlayır. Yəni, elə-belə, boş-boş.
Əsgərli deyib, rəhbərlik nəticə tələb etmir, odur ki, hesab onlar üçün o qədər də önəm daşımır. Xub!
Nə gözəl adamlardır bunlar…
Bəh-bəh! Məğlubiyyətlər fonunda inkişaf?
«Şamaxı»lı rəsmilərin, məşqçilərin fikrincə, hərdən belə də olur. Deyəsən, bu şəxslər idmanın «şah»ından yerli-dibli xəbərsizdirlər, komanda düzəltməyin, onu inkişaf etdirməyin yollarından biqafildirlər.
Uduzmağa aludə olan futbolçu inkişaf edə bilməz: o, bundan məhrumdur!
«Şamaxı»da səviyyəsi ilə göz oxşayan, liderlik məziyyətləri ilə seçilən bir nəfəri görmürəm. Halbuki gənc oyunçuları tanıtmaq, futbola qazandırmaq istəyən məşqçi korpusunun ixtiyarında azından 2-3 belə sima olmalıdır.
Okan Buruk, Emru Belezoğlu o zaman «Qalatasaray»da necə parıldadı? Hacı, Popesku, Taffarel kimi as futbolçularla çiyin-çiyinə oynayaraq. «Şamaxı»nın hazırkı strategiyasından baş açmırsan.
Nə o var, nə də bu. Oyna(t)dıqları futbol deyil, söz güləşidir.
MUSA

