Premyer Liqada qalmaq mücadiləsi verən «Şamaxı»dan xoşagəlməz xəbərlər gəlməkdə davam edir.
Rəhbərlik qış fasiləsinin elan olunmasını gözləmədən islahatları sürətləndirib.
Təbii ki, özbaşına deyil, baş məşqçi Ayxan Abbasovun razılığı əsasında.
Dünən xəbər verdiyimiz kimi, «şirlər» İlkin Muradovun ardınca, Adil Nağıyev və Georgi Kantariyanı komandadan uzaqlaşdırıb.
Bu, son olmayacaq. Qarşıdakı günlərdə daha bir neçə nəfərin buradan kənarlaşdırılması gözlənilir.
Hər halda rəhbərlik nəticələrin pisləşməsindən dolayı hərtərəfli araşdırma aparır. Təhqiqat gizli və çox ciddi surətdə davam edir.
Yönətim əmindir ki, kollektivin Premyer Liqanın ikinci dövrəsində zəif çıxışı təsadüfi deyil. İdarəçilər bu qənaətdədir ki, ilk dövrəylə müqayisədə nəticələrin kəskin pisləşməsi meydandankənar amillərlə bağlıdır.
«Şamaxı» 15 tura 13 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Çempionatın birinci hissəsində 12 xal yığan əyalət təmsilçisi ikinci etapda vur-tut 1 xal əldə edib.
«Şamaxı»nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn mövcud durumla bağlı Sportinfo.az-a açıqlama verib:
“Komanda hal-hazırdadır Tovuzdadır və bir neçə saat sonra oyuna çıxacaq. Giorgi Kantariya ilə müqaviləyə xitam verilib.
Gürcüstanlı yarımmüdafiəçi artıq o komandadan xaric olunub. Adil Nağıyev isə hazırda komandanın düşərgəsində deyil.
Xırda rəsmi məsələlər qalır, onlar da bitdikdən sonra rəsmi məlumat veriləcək.
Ayrılıqların səbəbi? Bu, klubdaxili prosesdir
Klubun qaydaları var və biz hal-hazırda buna riayət etmək məcburiyyətindəyik. Buna uyğun olaraqÖ səbəb barəsində heç bir açıqlama verilmir.
Bu barədə nəsə dəyişiklik olsa, əlavə məlumat veriləcək“.
SPORTİNFO.AZ