
Premyer Liqa ilə vidalaşan “Səbail” növbəti mövsümün planlarını cızır.
Əsas məqsəd heyəti mümkün qədər qorumaq və I Liqada çempionluğu bayram edib elitaya qayıtmaqdır.
Artıq bu yöndə vacib addımlardan biri atılıb.
“Dənizçilər” kollektivin ən təcrübəli siması və lideri İlkin Muradovu “liqa”da oynamağa razı salıb.
Futbolçunun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər olsa da, 8 ildir Premyer Liqada top qovan səbəbkar aşağı dəstədə mübarizə aparmaqda həvəsli deyildi.
Mümkün təklifləri gözdən keçirib yüksək liqa klublarından biri ilə anlaşmağa həvəs göstərirdi.
İlkinlə klub rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticə verib. O, sözləşməsinin sonuna qədər – yəni qarşıdakı 1 ili “Səbail”də oynamağa razılıq verib.
29 yaşlı yarımmüdafiəçi 2017-ci ildən bu yana “Zirə”, “Şamaxı” və “Səbail”in heyətində Premyer Liqada 174 matçın iştirakçısı olmaqla 3 qol vurub, 12 məshuldar ötürməyə imzasını yazdırıb.
HƏBİB / SPORTİNFO.AZ