
Ötən mövsümün yekunlarına əsasən Premyer Liqanı tərk edən “Səbail”lə bağlı narahatlıq yaşanır.
Klubun azsaylı azarkeşləri komandanın I Liqada mübarizə aparıb-aparmayacağı, ev oyunlarını hansı stadionda keçirəcəyi, baş məşqçinin kim olacağı ilə bağlı suallara cavab axtarır.
“Dənizçilər” çempionat başa çatandan sonra bu barədə rəsmi məlumat yaymadığından, onları başa düşmək mümkündür.
Tərəfdarların, həm də futbol ictimaiyyətinin bəzi nümayəndələrinin narahatlığını nəzərə alaraq klubun mətbuat katibi Rəşad Məmmədovla söhbətdə mövzuya aydınlıq gətirməyə çalışdıq:
“Komandanı növbəti mövsümdə də Elvin Məmmədov çalışdıracaq. “Səbail”in icraçı direktoru Firuz Abdulla mətbuat açıqlamasında bu barədə məlumat vermişdi.
Rəhbərlik səviyyəsində I Liqanın hazırlıqlarına start vermişik. Artıq xeyli vaxtdır yerli futbolçularla danışıqlarımız davam edir.
Hətta anlaşdığımız oyunçular da var. Yaxın günlərdə heyətə cəlb olunan futbolçularla bağlı ictimaiyyətə məlumat veriləcək. Məqsədimiz I Liqanı çempion qismində başa vurub, Premyer Liqaya qayıtmaqdır.
Transfer çalışmaları ilə yanaşı, bəzi tərəfdaşlarla əməkdaşlıq etməklə bağlı işlərə də start vermişik.
I Liqada növbəti mövsümün hansı tarixdə start götürəcəyi ilə bağlı rəsmi qərar olmadığından, komandanın təlim-məşq toplanışına hansı tarixdə başlayacağı bilinmir. İlkin ehtimal hazırlığa avqustun birinci həftəsində start verməkdir.
O ki qaldı ev oyunlarını hansı stadionda keçirəcəyimizə, “Səbail” yarandığı gündən rəqiblərini “ASCO Arena”da qəbul edib. Bundan sonra da sözügedən stadionda oynayacağıq.
Azarkeşlərimizə səslənərək bildirmək istəyirəm ki, I Liqada iddiamızı ortaya qoyaraq, çempion qismində Premyer Liqaya qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.
HƏBİB / SPORTİNFO.AZ