
Premyer Liqa ilə vidalaşan “Səbail”də ciddi dəyişikliklər yaşanacaq.
Klubla müqaviləsi başa çatan futbolçular özlərinə yeni iş yeri axtarmaq məcburiyyətindədirlər. Bu, öz yerində.
Hazırda sual doğuran əsas məqam “dənizçilər”lə sözləşməsinin müddəti davam edən oyunçuların gələcək taleyidir.
Siyahının başında təbii ki, Rüfət Abdullazadə dayanır.
Son iki mövsümdəki çıxışı ilə adından söz etdirən “11 nömrə” Premyer Liqa təmsilçilərinin diqqət mərkəzindədir. Artıq bir neçə klub Rüfəti transfer etmək planını cızır.
Lakin bu, heç də asan görünmür. İş burasındadır ki, səbəbkar karyerasını ölkə xaricində davam etdirməklə bağlı qərarını verib. “Səbail” rəhbərliyi də futbolçunu xaricə satmaq niyyətindədir.
Ötən yay Rüfətə edilən təklifləri unutmayan rəsmilər azərbaycanlı futbolçunun karyerasını Türkiyədə, ya da Avropa ölkələrinin birində davam etdirməsində maraqlıdır. Hazırda bu yöndə müəyyən müzakirələr aparılır.
2023-cü ilin yayından “Səbail”in şərəfini qoruyan 24 yaşlı “solaxay” geridə qalan 2 ildə meydana çıxdığı 75 matçda 15 qol vurub, 13 məhsuldar ötürməyə imzasını yazdırıb.
HƏBİB / SPORTİNFO.AZ