
“Dənizçilər” dənizdə batmamaq üçün saman çöpündən yapışmışdı.
Çöp onları bir neçə həftə xilas etsə də, həyat verə bilmədi. “Səbail” 10 yaşını tamamlaması ərəfəsində I Liqaya yuvarlandı.
Klub yaşayacaqmı, elitaya qayıda biləcəkmi, iddianı qorumaq mümkün olacaqmı – bu və digər sualların cavabını zaman verəcək.
Lakin indi çox vacib sualın cavabını tapmağın məqamıdır. Debütant “Şamaxı”, “qaçqın” “Kəpəz”, qeyri-sabit “Sumqayıt” qala-qala Premyer Liqadan getmək öhdəliyini niyə “Səbail” öz üstünə götürdü?
Cavid Hüseynov iştirak etdiyi sonuncu mətbuat konfransında rəhbərliyi günahlandırmışdı. Ki, komandayla maraqlanan yoxdur, özümüzü tək hiss edirik və sair və ilaxır.
Rəhbərlik yayda lazım olan futbolçuları baş məşqçinin sərəncamına verib. İlboyu maaşlar vaxtı-vaxtında ödənib. Kollektivin qidalanma, məskunlaşma, nəqliyyatla bağlı problemi yoxdur. Başqa nə etməliydilər?
Baş məşqçilərdə də günah axtarmaq yersizdir. Məşqçilər bacarıqsız və savadsız olsaydı, “Səbail” hər oyunda rəqiblərin ürəyini ağzına gətirməzdi. Sürətli hücumlar, 100 faizlik qol şansları, tirdən və dirəkdən qayıdan toplar. Deməli, günahı baş məşqçilərin üstünə yıxmaq da ədalətsizlik olar.
Sual yaranır, rəhbərlikdə və məşqçilərdə suç yoxdursa, “dənizçilər” elitanı niyə tərk etdi?
Cavabı bacarıqsız və məsuliyyətsiz futbolçulardan almaq lazımdır. Həyat əhəmiyyətli son 3-4 oyunda müdafiədə uşaq səhvlərinə yol verənlər, “Araz-Naxçıvan”, “Şamaxı” və “Zirə” ilə son 3 qarşılaşmada qol imkanlarını sağa-sola xərcləyənlər, ilboyu zədə səbəbindən kənarda qalanlardır “Səbail”in “liqa”ya yuvarlanmasına səbəbkar olanlar.
Madi Queta 3 metrdən topa toxuna bilmirsə, Samir Abdullayev başla zərbə endirmək əvəzinə rəqib qapıçıya ötürmə verirsə, Mirabdulla Abbasovun sinəsi ilə qəbul etdiyi top 5 metr aralı düşürsə, Fərid Nəbiyev ikili mübarizədə ayağını topdan çəkirsə, buna rəhbərlik nə etsin, baş məşqçi dərdini kimə desin?
Mənəvi dəyərin nə olduğunu bilsələr, pul dalınca qaçmazlar. I Liqada oynayıb “Səbail”i elitaya qaytararlar.
HƏBİB / SPORTİNFO.AZ