
"Səbail"in futbolçusu Yusif Nəbiyev komandanın Premyer Liqadan aşağı dəstəyə düşməsinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı cinah müdafiəçisi bu barədə "report"a açıqlama verib.
Kapitan məyus olduqlarını bildirib:
"Vəziyyətimiz onsuz da çətinləşmişdi. Digər komandalarla xal fərqi artmışdı. Bu durumdan çıxmaq üçün özümüzə motivasiya verdik.
Amma alınmadı, məyusuq. Belə olmasını istəməzdik. Bir futbolçu kimi adımıza da ləkə düşdü. Komandanın I Liqaya düşməsinə səbəbkar olduq.
Vəziyyət yaxşı deyil. Söhbət tək futbolçulardan getmir. Orada çalışan işçilər, ailəsini saxlayan insanlar var idi".
Y.Nəbiyev "dənizçilər"in Premyer Liqaya qayıdacağına ümid etdiyini söyləyib:
"Hazırda bəzi məsələlər barədə məlumatım yoxdur. Komanda I Liqada çempionluq uğrunda mübarizə aparacaqmı? Bilmirəm.
Ümid edirəm ki, elitaya qayıtmaq üçün oynayarlar və yenidən əsas çempionatda mübarizə apararlar. "Səbail" həqiqəqən yaxşı klubdur".
O, öz karyerası ilə bağlı qısa danışıb:
"Hələlik hansısa fikrim yoxdur. Necə olacağını gözləyirəm. Başqa klub və müqavilə barədə düşünmürəm. Qarşıda iki matçımız var. Bu oyunlar bitdikdən sonra irəli baxacağıq".
"Səbail" 22 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Bakılılar sona iki tur qalmış doqquzuncu olan "Sumqayıt"dan 8 xal geri qalır.