Çətin dönəmdə sinəsini qabağa verdi, ağır yükün altına girdi, amma...

19:00 Səbail 222
Çətin dönəmdə sinəsini qabağa verdi, ağır yükün altına girdi, amma...

"Səbail"in Premyer Liqanı tərk edəcəyi 34-cü turda təsdiqini tapdı.

Mövsümün əvvəlindən təhlükə Bayıl təmsilçisinin qapısında var-gəl edirdi.

Klub rəhbərliyi bunun fərqində idi.

Hər halda Şahin Diniyevlə başlayıb, Cavid Hüseynovla davam edib və ən sonda Elvin Məmmədovun bacarığına bel bağlamaq bundan xəbər verir.

Amma heç bir vəchlə təhlükənin qarşısını almaq mümkün olmadı.

Yekunda Birinci Liqaya yuvarlanmaq Məmmədovun dövrünə təsadüf etdi.

Amma klubun liqanı tərk etməsində ən az günah payı Elvin Məmmədov və korpusuna düşür.

O, çətin dönəmdə sinəsini qabağa verdi, ağır yükün altına girdi.

Batan gəmidə sükanın arxasına keçdi. Yəqin ki, ailənin bir üzvü olması, bir müddətdir "Səbail"də çalışması qərarında rol oynadı.

Buna görə klub ona minnətdar ola bilər.

Cəhdləri də pis deyildi.

Qaranlıq tuneldə işığı çox axtardı.

Kollektiv "Sabah", "Araz Naxçıvan", "Zirə" kimi iddialı rəqiblərlə oyunlarda pis təsir bağışlamadı.

Bir çox hallarda qələbəyə yaxın oldu.

Amma heç cür missiyanı uğurla tamamlamaq mümkün olmadı.

Məmmədov gənc mütəxəssisdir.

İlk addımındaca yaxşı təcrübə qazandı. Ağır bir periodu arxada qoydu.

Önünə baxmalı, üzərində daha böyük istəklə çalışmalıdır. Məncə, özünü təsdiqləməsi üçün hələ zamanı var. Təklifləri də mütləq olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti