
Premyer Liqanın 2024-25 mövsümündə penaltidən qol vurmayan komanda qalmayıb.
Sportinfo.az xəbər verir ki, son olaraq “Səbail” də onbirmetrlik zərbə ilə rəqibi mərkəzə dəvət etməyi bacarıb.
Qəsəbə təmsilçisi 33-cü turda “Şamaxı” ilə görüşdə bunu reallaşdırıb.
Matçın 67-ci dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirən Rüfət Abdullazadə komandasını məğlubiyyətdən xilas edib. “Səbail”ə qədər Premyer Liqa klublarının hamısı penaltidən qol vurmuşdu.
Əslində, Elvin Məmmədovun çalışdırdığı komandanın daha əvvəl belə imkanı olub. Belə ki, 11-ci turda “Sumqayıt”la matçda komanda penalti qazanıb.
Lakin Fərid Nəbiyev 0:1 hesabı ilə uduzduqları həmin matçda qapıçı ilə dueldən qalib ayrıla bilməyib. Həmin vaxt “dənizçilər”ə Şahin Diniyev rəhbərlik edirdi.
Cari mövsüm penaltidən ən çox fərqlənən komanda “Qarabağ”dır. Çempion 7 dəfə əlinə düşən imkanı düzgün dəyərləndirib.
İkinci pillənin sahibi “Zirə”də bu say 5-dir. “Sabah”, “Araz-Naxçıvan” və “Neftçi” hərəyə 4, “Turan Tovuz” 3, “Kəpəz” 2, “Sumqayıt” və “Şamaxı” isə 1 penaltini məntiqi sonluğa çatdıra bilib.