“Səbail” Premyer Liqa ilə vidalaşsa... Aysberqin görünməyən tərəfləri

16:40 Səbail 818
“Səbail” Premyer Liqa ilə vidalaşsa... Aysberqin görünməyən tərəfləri

Premyer Liqa sona yaxınlaşdıqca əsas suallın aktuallığı artır – bu il elitanı hansı komanda tərk edəcək?

Sona 4 tur qalmış “Səbail”in durumu kifayət qədər ağır görünür.

“Kəpəz”lə arada 7 xallıq fərq var ki, mayın sonuna qədər bu fərqi aradan qaldırmaq möcüzəyə bərabərdir.

“Səbail” yüksək dəstəni tərk etsə, bu, həm də klubun tarixə qovuşmasına, başqa cür desək, dağılmasına səbəb ola bilər.

Onsuz da kluba himayədarlıq edən ASCO əvvəlki səxavəti göstərmir. Elə vəziyyətin bu həddə çatmasının başlıca səbəblərindən biri də mövsümün gedişində sponsorun kluba göstərdiyi soyuq münasibətdir. “Dənizçilər” elitada ola-ola maddi durum əvvəlkitək deyilsə, komanda I Liqaya düşsə, başsız qalmaq təhlükəsi ilə üzləşəcək.

Deyək ki, sponsor tamamilə geri çəkildi və klub AFFA-dan ayrılan 300 min manatın ümidinə qaldı. Təbii ki, bu məbləğ illərdir klubda çalışan rəhbər şəxslərin və işçi qüvvəsinin saxlanılmasına kifayət etməyəcək. Hərə bir iş tapıb gedəcək. Hansı funksioner orda qalıb 700-1000 manata işləyəcək?

Bəs stadionla bağlı sual?

“ASCO Arena” AFFA-nın balansındadır. Yəni dünənə qədər “Səbail” keçmiş assosiasiya rəhbərliyinə yaxın klub sayılırdı. Bayıl təmsilçisinin yaranış tarixində kimlərin adının olduğunu stajlı futbolsevərlər yaxşı xatırlayır. Bilməyənlərin internet qaynaqlarına baş vurması məsləhətdir.

İndi daşların yeri dəyişib, vəziyyət əvvəlki kimi deyil. Üstəlik, “İmişli”ylə “Karvan”ın stadionu standartlara cavab vermədiyindən, hansısa müddətdə rəqiblərini Bakıda qəbul etmək variantı yaranıb.

Bir sözlə, “Səbail” Premyer Liqa ilə vidalaşsa, klubun taleyi bir növ AFFA rəhbərliyindən asılı vəziyyətə düşəcək.

Yeri gəlmişkən, gələn il “Səbail”in yaranmasının 10 illiyidir. Taleyin ironiyasına bax.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti