Vüqar Həşimovun xatirəsinə həsr olunan və Synergy Group tərəfindən keçirilən "Shamkir Chess 2017" turnirinin IV turunfa Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə əyləşib. Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçılarının partiyasında heç-heçə qeydə alınıb. Oyundan sonra Teymur Rəcəbov jurnalistlərin suallarına cavab verib:
"Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq. Ümumiyyətlə, komanda yoldaşına qarşı mübarizə aparmaq asan deyil. Bu gün heç-heçə qaçılmaz oldu. Ümumilikdə 4 turu qiymətləndirmək çətindir. İlk turda məğlubiyyəti nəzərə almasaq çıxışımı normal adlandırmaq olar. Daha yaxşı oyun nümayiş etdirmək istəyirəm. Qarşıdakı oyunlara hazırlaşacam. Turnirdə əsas partiyalar irəlidədir".
Yarışın lideri olan Şəhriyar Məmmədyarov həmkarının dediklərini təsdiqləyib. Sumqayıt şahmat məktəbinin yetirməsi etiraf edib ki, Teymur Rəcəbova qarşı partiyaya hazırlaşmayıb: "Bizim qələbə və ya məğlubiyyətlə nəticələnən partiyalarımız az olmayıb. Dünya Kuboku, eləcə də digər turnirlərdə açıq mübarizə aparmışıq. Rəqiblərə saatlarla hazırlaşıram. Amma Teymura qarşı çox vaxt sərf etmirəm. Bu dəfə Şəmkirdə ümumiyyətlə hazırlaşmadım.
Rəcəbov çox güclü şahmatçıdı. Amma ən əsası o mənim komanda yoldaşım, dostumdur. Uzun illər onunla birlikdə Azərbaycan millisinin şərəfini qoruyuruq. Birgə iki dəfə Avropa çempionatının qalibi olmuşuq. Elə yarış olub ki, orada Teymura azarkeşlik etmişəm. Yaxşı münasibətimizin olması sirr deyil. Teymura qarşı oynamaq çətindir. Çünki bir-birimizi yaxşı tanıyırıq. Açıq mübarizə aparmaq həmişə mümkün olmur".

