Rusiya şahmatçısı Sergey Karyakin Şəmkirdə keçiriləcək Vüqar Həşimov Memorialında iştirak etmək üçün Azərbaycana gəlib. Sportinfo.az xəbər verir ki, məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət etmək üçün hava limanından birbaşa Fəxri Xiyabana yollanıb.
Sergey Karyakin dostu Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın heykəli önünə gül dəstələri qoyub. Ardınca qrossmeyster Vüqar Həşimov Şahmat Akademiyasına yollanıb. Orada yeniyetmə şahmatçılarla görüşən Sergey Karyakin uşaqların suallarına cavab verib. Günün ikinci yarısında Rusiya təmsilçisi superturnirdə iştirak etmək üçün Şəmkirə yola düşüb.
"Synergy Group" və Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi "ShamkirChess2017" superturnirinin təntənəli Açılış mərasimi sabah keçiriləcək. Şəmkirdəki Heydər Əliyev Mərkəzində təşkil olunacaq mərasim saat 18-30-da başlayacaq.

