FİDE yeni reytinq siyahısını açıqlayıb. Şəhriyar Məmmədyarov (2797) əmsalından 3 vahid itirsə də, əvvəlki kimi 6-cı pillədə qərarlaşıb. İsveçrənin Cenevrə şəhərində təşkil olunan “Qran-pri”nin qalibi olan Teymur Rəcəbov isə gözlənildiyi kimi, böyük sıçrayışa nail olub.
Sportinfo.az xəbər verir ki, əmsalına 18 vahid qatan həmyerlimiz 10 həmkarını da geridə qoyub. Hazırda Rəcəbov 2742 əmsalla 22-ci pilləyə yüksəlib. Teymurun son 4 ildə ən yüksək reytinqə çatdığını da nəzərinizə çatdıraq.
Maraqlıdı ki, Arkadi Naydiç əmsalından 2 vahid itirsə də, 3 pillə irəliləyib. Latviyalı legioner 2710 əmsalla 35-ci yerdədi. Rauf Məmmədovun nə əmsalında (2680), nə də mövqeyində (63) dəyişiklik olub. Yeni siyahı ən çox Qədir Hüseynov üçün əlamətdar olub.
Belə ki, təcrübəli şahmatçımız düz 8 ildən sonra ilk “100-lüy”ə daxil olub. Hesabında 2654 əmsal olan Hüseynov 94-cü yerdədi. İlk “3-lük”də uyğun olaraq, Maqnus Karlsen (Norveç, 2822), Uesli So (ABŞ, 2810) və Fabiano Karuana (ABŞ, 2807) qərarlaşıb.
Yeni sıralama Günay Məmmədzadənin də üzünə gülüb. Son ölkə çempionu əvvəlki əmsalda (2393) qalsa da, iki həmkarını qabaqlayıb. Məmmədzadə indi 71-ci pillədə qərarlaşıb ki, bu da 17 yaşlı şahmatçı üçün rekorddu.
Zərif cinsin nümayəndələrinin reytinq sıralamasında Yifan Hounun (Çin, 2652) dominantlığı davam edir. Venyun Yu (Çin, 2578) ikinci, Anna Muziçuk (Ukrayna, 2572) isə üçüncü yerdədi.
Ölkələrin reytinqində 2658 əmsalla altıncıyıq. Rusiya (2746) hamını qabaqlayır. Şimal qonşularımızın ən yaxın izləyiciləri Çin (2710) və ABŞ-dı (2704).

