Özan Can Kökçü: "Azərbaycana xəyanət edə bilmərəm" - MÜSAHİBƏ

9 Noyabr 2019 22:30 Sabah 795
Özan Can Kökçü: "Azərbaycana xəyanət edə bilmərəm" - MÜSAHİBƏ

"Sabah" və U-21 yığmamızın üzvü Özan Can Kökçü Sportinfo.az-a müsahibə verib:

- "Sabah" bu tur "Sumqayıt"la qarşılaşacaq. "Qəbələ"ni məğlub etdikdən sonra komandanızda işlər qaydasına düşüb?
- Son üç matçın hamısında qalib gəlməsək də, uduzmamışıq. Komandamız hazırda yaxşı formadadır. "Qəbələ"ni səfərdə məğlub etdik. Ümid edirəm ki, "Sumqayıt"la oyunda da yaxşı nəticə qazanarıq və turnir cədvəlində üst pillələrə yüksələrik.

- Bu turdan sonra çempionatda fasilə yaranacaq. Son zamanlar yüksəlişdə olan "Sabah" üçün bunun ziyanı olmayacaq ki?
- Bizim komandadan da bir neçə futbolçu milliyə gedəcək. Yığmada gərgin oyunlar keçirəcəyik. Bu bizim inkişafımız üçün də çox yaxşıdır. Hamı bu cür oyunlarda çıxış etmək istəyir. Düzdür, komandamız bir yerdə olmayacaq. Amma millidə olsaq da, məşqlərimizi edəcəyik, yəni formada qalacağıq. Yəni futbolda normal haldır, milliyə getməmək olmaz.

- Azərbaycandakı karyeranı necə qiymətləndirirsən? Bura gəldiyin üçün peşman deyilsən ki?
- Burada özümü rahat hiss edirəm. “Sabah”dakı məşqçilər, oyunçularla da münasibətim yaxşıdır. Azərbaycana gəldiyimə görə peşman deyiləm. Yaxşı ki, gəlmişəm . Yavaş-yavaş özümə gəlirəm. Türkiyədə 3 mövsüm oynadım, amma orada futbol mənasında özümü xoşbəxt hiss etmirdim. "Sabah”da özümə gəlirəm və inşallah daha yaxşı olacaq.

- "Səncə, Sabah” avrokuboklara vəsiqə qazana biləcək?
- Komandamızda səviyyəli oyunçular var. Amma indiyə qədər daha çox xal toplaya bilərdik. Futbolda hər şey səviyyə ilə olmur. İnanıram ki, qarşıdakı oyunlarda xallarımızı artırıb, avrokuboklara vəsiqə qazanarıq. Çox çalışıb, bunu etməliyik.

- U-21 yığmasına da dəvət olunmusan. Millimiz səfərdə uduzduğu Lixtenşteynə qarşı oynayacaq.
- Millidə oynamaq qüruruvericidir. Son oyunlarda komandamız yaxşı təsir bağışlayır. Qələbə qazanmasaq da, oyun yaxşıdır, inkişaf var.

- Vadutsdakı məğlubiyyəti nəzərə alsaq, oyuna revanş hissi ilə çıxacaqsız?
- Vadutsdakı görüşdə yox idim. Zədəli olduğum üşün oynamamışdım. Ona görə bu barədə bir söz deyə bilməyəcəm. Kənardan baxmaqla, meydanda olmaq tamamilə fərqlidir. Uşaqlardan həmin oyunla bağlı soruşanda deyirdilər ki, əslində onları udmalıydıq. Sumqayıtda yaxşı oynasaq, Lixtenşteyn üzərində qələbə qazana bilərik.

- "Sabah”da stabil çıxış edirsən. Hələ əsas millidən dəvət gözləmirsən?
- Türkiyədə oynadığım üç il ərzində xoşbəxt deyildim, futboldan küsmüşdüm. Yeni-yeni özümə gəlirəm. Futboldan zövq almağa başlayıram. Allaha şükür, hər həftə oynayıram. Yaxşı oyunlarım da olur, bir az pis də. Amma bilirəm ki, nəyə qadir olduğumu göstərə bilərəm. Təbii ki, A milli komanda da oynamaq istəyərəm. Amma buna məşqçilər qərar verir, mən yox. Klubumda da özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Bunu etsəm, Azərbaycan millisinə də dəvət alaram. Hədəflərimdən biri də Azərbaycanın əsas millisində oynamaqdır. Türkiyə və Azərbaycan qardaş ölkələrdir, amma özümü daha çox azərbaycanlı kimi hiss edirəm. Yaxşı oyunlar oynayıb, A milliyə düşməyin də zamanı gəldi. Keçən il Tolunay Kafkas Hollandiyaya gəlmişdi. O, Türkiyə Futbol Federasiyasının adından atamla görüşdü. Azərbaycan mənim qapımı döyən ilk ölkə idi, onlar məni yığmaya dəvət etdi. Mən Azərbaycana xəyanət edə bilmərəm, Azərbaycan mənim üçün çox şey etdi. Milli matçlarda daha çox adam səni izləyir. Azərbaycan mənə çox kömək etdi. Hələ cəmi 20 yaşım var,ümid edirəm ki, Azərbaycan millisinin aparıcı üzvlərindən biri olacam və uzun illər yığmaya xeyir verərəm.

Mirbağır CƏFƏRLİ

Digər Xəbərlər
Xəbər Lenti