Dünən “Sabah”da yeni məşqçi təyinatı rəsmiləşib. Ramin Quliyev İqor Ponomaryovun köməkçisi təyin olunub.
“Pro” kateqoriyasına malik 38 yaşlı mütəxəssisin son iş yeri Azərbaycanın U-17 millisi olub. Ramin Quliyev təyinatıyla bağlı Sportinfo.az-a danışıb:
“Əslində, gözlənilməz və bir o qədər də xoş təklif oldu. Klubun prezidenti Maqsud Adıgözəlov və İqor Ponomaryovla görüşdüm. Fikirlərimiz üst-üstə düşdü. İndiyədək Ponomaryovun başçılığı altında çalışmamışam.
Amma məni tanıyır, görən kimi yadına düşdü və dedi ki, həmişə sərt oynayırdın(gülür). Onun kimi bir insanla çalışmaq xoşdur. Uzunmüddətli iş prinsipimiz olacaq.
Məni komandaya köməkçi məşqçi kimi dəvət ediblər. Bu gündən artıq komandanın məşqlərinə qatılacam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
“Sabah”ın uşaq futboluna və ümumiyyətlə, futbola yanaşması çox yaxşıdır. Həqiqətən də bəyənirəm. Burada işləmək maraqlı olacaq. Komandanı hazırki vəziyyətdən çıxarmağa çalışacağıq. Əslində bu yerdə yox, daha yüksəklərdə olmalıyıq. Ən yaxşısı üçün çalışacağıq”.

