Bu gün olmasın, "Sabah" olsun!

16 Oktyabr 2019 16:22 Sabah 730
Bu gün olmasın, "Sabah" olsun!

“Sabah”da baş məşqçi məsələsi açıq olaraq qalır. Elşad Əhmədovun istefasından sonra paytaxt təmsilçisi axtarışlarını davam etdirsə də, hələ ki, komandanın sükanı arxasına arzuolunan mütəxəssis tapılmayıb. Əslində namizədlər çoxdur. Son bir ayda Bakıya gələn və kluba menecerlər vasitəsilə təklif olunanlarla birlikdə təxminən 10-a yaxın məşqçinin adı hallanıb. Bəzilərinin yeni yaranmış komanda üçün astronomik məbləğ tələb etməsi, bəzilərinin isə iş prinsipinin klubun hədəfləri ilə uzlaşmaması tərəflər arasında anlaşmaya imkan verməyib.

Futbolda belə bir deyim var: Yaxşı qapıçı komandanın yarısı deməkdir. Bunu baş məşqçi məsələsinə də aid etmək olar. Yaxşı məşqçi uğurun yarısıdır. Düzgün seçim etmək üçün düşünülmüş addım atmaq lazımdır. Tələsmək olmaz. Heç buna lüzum da yoxdur. Cəmi 3 ildir fəaliyyət göstərən klub niyə və hara tələsməlidir ki? Yeni-yeni peşəkarlaşmağa başlayan komandada hər şey yüz ölçülüb, bir biçilməlidir.

Hazırda isə ən ideal variant qış fasiləsinə kimi gözləməkdir. Çünki yeni gələn məşqçiyə komandanı tanımaq, əcnəbi olacaqsa, ölkəmizə uyğunlaşmaq üçün ən azı 1-2 ay lazım olacaq. Yəni, o, ortaya hazırda baş məşqçi vəzifəsini icra edən İqor Ponomaryov və ya Rövşən Babayevdən daha yaxşı iş qoya bilməyəcək. Bu mənada, təyinat üçün ən yaxşı dönəm fasilədir. Çünki həm hazırlıq, həm də tanışlıq üçün kifayət qədər vaxt olacaq.

Bəli, mövsümə Avroliqa iddiası ilə başlayan “Sabah” ilk dövrədən sonra 5 xalla sonuncu pillədədir. Amma gəlin, baxaq görək, komandanı avrokubok zonasından neçə xal ayırır? 5 xal. İkinci sıradakı “Keşlə” isə “Sabah”ı cəmi 6 xal qabaqlayır. İki qələbə komandanı ilk üçlüyə qaldıra bilər. Yəni, hələ heç nə itirilməyib. Qarşıda 3 dövrə var. Komandanın heyəti də qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə imkan verir. Yersiz təşvişə əsas yoxdur. Sadəcə, səbrli olmaq, vəziyyəti düzgün qiymətləndirmək və ən doğru seçimi etmək lazımdır.

Elnur SALAHOV

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!