"Zarya"nın sabiq baş məşqçisi Yuri Vernidub Polşada işləyə bilər.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, ukraynalı mütəxəssis "Legiya"nın maraq dairəsindədir. O, Varşava klubunun "sükan"ı arxasına keçməyə 3 əsas namizəddən biridir. Digər iki namizəd isə Stanimir Stoylov və bu yaxınlarda Moskva "Spartak"ından qovulan Oleq Kononovdur.
Ancaq Polşa mətbuatı bu təyinatların gerçəkləşəcəyini elə də inandırıcı hesab etmir. İddiaya görə, hər üç namizəd "Legiya" rəhbərliyindən illik 1 milyon avro məvacib tələb edir. Bu isə artıq xərclərdən qaçmaq istəyən klubu qane etmir.
Qeyd edək ki, 2012-2019-cu illərdə "Zarya"nı çalışdıran Vernidub ötən ay "Sabah"la danışıq aparmaq üçün Bakıya gəlmiş, hətta komandanın "Səbail"lə çempionat oyununu (3:0) "Əlincə Arena"da canlı izləmişdi.

