"Bakılı" olmasın, "Sabah" olsun

9 Oktyabr 2019 19:05 Sabah 1 245
"Bakılı" olmasın, "Sabah" olsun

Biri var idi, biri yox idi. Azərbaycan futbolunda "Bakılı" adlı bir klub var idi. Bu klubun Misir Əbilov adlı dağdan ağır bir prezidenti var idi. Misir müəllimin adı gələndə komandadakı legionerlər rəng verib, rəng alırdılar. Ümumiyyətlə, "Bakılı"nın əfsanəvi prezidentinin hər açıqlaması olaya çevirilirdi. Komandanın I divizionda çıxış edən vaxtları idi. Hər turdan sonra AFFA İntizam Komitəsi "Bakılı"nı yanğınsöndürmə maşını olmadığına görə cərimələyirdi. Misir müəllim də tövrünü pozmadan cavab verirdi ki, "yanğınsöndürmə maşınını stadiona gətirmək 100 manatdır, mən də hər dəfə 50 manat cərimə ödəyirəm, demək əlli manat qabağam".

Köhnə jurnalistlər Əbilovu "Atletiko"nun əfsanəvi prezidenti mərhum Xesus Xillə müqayisə edirdilər. İspaniyalı klub rəsmisi baş məşqçiləri əlcək kimi dəyişməkdən zövq alırdı.

Bir dəfə həmkarlarımızdan birinin yolu düşür SKİF-ə (İdman Akademiyasının stadionu) tərəf. Görür klubun prezidenti "Bakılı"nı iki yerə bölüb, özü də kənardan komandanın məşqini izləyir. Meydanın hər tərəfində təxminən 15 futbolçu 2 baş məşqçinin rəhbərliyi altında hazırlıq keçir. Salam-əleyküm, hal-əhvaldan sonra məlum olur ki, Əbilov baxışa iki məşqçi dəvət edib. Biri meydanın bir tərəfində fiziki hazırlıq keçir, digəri o yanda taktiki baxımdan "imtahan" verir. Bu, bəlkə də dünya futbolunda bir İLK idi ki, klub baş məşqçiləri baxışa çağırırdı.

Lətifəsi "Sabah"dan uzaq, indi bu klubun da vəziyyəti eynidir. Komanda artıq 1 aya yaxındır ki, oyunlara baş məşqçisiz çıxır və hər gün bir mütəxəssisin adı klubla yanaşı çəkilir. Əslində buna mətbuatın hay-küyü kimi yanaşıb sakitcə üstündən keçmək də olardı. Ancaq "Sabah"ın "Səbail"lə ev oyununda (3:0) "Əlincə Arena"da birdən-birə iki baxışa çağırılmış məşqçi göründü. Ukraynalı Yuri Vernidub və Gürcüstandan gəlmiş Giya Tsetzadze. "Sabah" rəhbərliyi məşqçilərin hərəsini bir mərtəbədə otuzdurmuşdu. "O olmasın, bu olsun" filmindəki toy səhnəsi yəqin yadınızdadır? Qız və oğlan qonaqları bir-birindən ortadakı qara pərdə ayırırdı. Tsetsadze və Vernidub azmış kimi Suat Kaya da "Sabah"la danışıq aparır.

"Sabah"ın maddi imkanlarını, potensialını "Bakılı" ilə müqayisə etmək olmaz. Amma Elşad Əhmədovu istefaya göndərəndən sonra qeyb olan rəhbərlik sanki Əbilovun yolu ilə gedir. Baş məşqçilər baxışa dəvət olunur, əvəzedici komandada legioner oynadırlar, özlərinə sərf edəndə medianın qarşısına çıxıb Zaqreb "Dinamo"su ilə əməkdaşlıqdan geninə-boluna danışırlar. İndi isə sərf etmir deyə, Masazırdakı qurbağa gölünə elə bil daş atıblar. Hətta İTV-dəki robot da çönüb adam oldu, Dadaş Dadaşlinski adı ilə danışdı, "Sabah"dan bir səs çıxmadı.

CAVİD

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı