“Sabah” öz "amplua"sında – Xəyal nəyi sübut etdi?

16:00 Sabah 136
“Sabah” öz "amplua"sında – Xəyal nəyi sübut etdi?

“Sabah” daha bir iddialı komanda ilə, “Araz-Naxçıvan”la matçda məsələni ilk hissədə həll etdi – bu dəfə 16 dəqiqəyə.

Artıq 16-cı dəqiqədə tabloda hesab 3:0 idi.

Çətin ki, bundan sonra, hətta ən optimist “Araz” azarkeşi belə “Sabah”ın qələbəsinə şübhə ilə yanaşardı. “Bayquşlar” istədikləri nəticəni əldə etdikdən sonra sanki gücünə qənaət etməyə başladı.

Əslində, burada baş məşqçinin hər hansı tapşırığından söhbət gedə bilməzdi. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas özünün də mətbuat konfransında dediyi kimi – istərdi ki komandası nəinki 4, hətta 10 qol vursun.

Amma psixoloji amil belə anlarda ön planda olur. Böyük hesabla önə keçən komanda hesabı daha da artırmaqdan daha çox, gücünə qənaət etməyə, mümkün zədələrdən yayınmağa çalışır. Elə “Sabah”ın “Karvan-Yevlax”, “Zirə” ilə matçlarındakı kimi.

Dünən meydanda hər şey futbol adına çox yaxşı idi. Keyfiyyətli qazon, Premyer Liqa üçün yaxşı görünümlü stadion, ardıcıl qollar...

Təkcə azarkeşdən başqa. “Sabah”ın “Qarabağ”, “Neftçi” kimi komandalarla ev oyununda tribunların azı yarısı dolsa da, “Araz”la dünənki matçda təxminən 1000-ə yaxın tamaşaçı tribunalarda yer almışdı.

Premyer Liqada orta tamaşaçı sayını nəzərə alsaq, bəlkə də bu nəticə normal qəbul olunardı.

Amma “Sabah” kimi rəngarəng oyun sərgiləyən komandanın oyununda azarkeş nəfəsi əlavə rəng qatardı ki, inanıram ki, bu çatışmazlıq da soyuqlar yerini nisbətən ilıq havaya dəyişdikcə öz qaydasına düşəcək.

Meydanda hücum planında Velko Simiç, Aleksey İsayev, Aaron Maluda ilə yanaşı Xəyal Əliyev də ön planda idi.

Qış fasiləsində əvvəlki 88 nömrəli formasını mərkəz hücumçularına xas “9”-a dəyişən Xəyal, meydanda əsl mərkəz hücumçusu kimi mübarizə apardı, çəkdiyi əziyyətin qarşılığını da vurduğu 2 qolla aldı.

21 yaşlı futbolçunun parlaq çıxışı həm də legioner limitinin ləğvindən sonra yerli futbolçuların iddialı klublara yolunun bağlanması ilə bağlı iddiaların da üzərindən xətt çəkmiş oldu.

Necə deyərlər, oynayan hər yerdə, hər reqlamentdə, hər limitdə oynayar. İndi geriyə qalır Xəyalın bu tempi qoruyub saxlaması.

Dünənki matçda “Sabah” yenə öz ampluasında idi. Komandada müsbət məqam odur ki, əldə etdikləri tempi qorumaqdan daha çox bunu hər oyun artırmağa çalışırlar ki, hər matçda bunun şahidi oluruq.

Bu yüksəliş nə qədər davam edəcək, tempi mövsümün sonuna kimi qoruyub saxlamaq mümkün olacaqmı, komanda psixoloji baxımdan bu yüksəlişi qaldıra biləcəkmi, bunu zaman göstərəcək.

İndi isə “Sabah” futbol azarkeşlərini hər turda öz oyunu ilə yaxşı mənada təəccübləndirməkdə davam edir.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti