
Vasili Berezutski ilə vidalaşan “Sabah”ın baş məşqçi axtarışları bəhrə verdi.
Ölkə kubokunun sonuncu sahibini bundan sonra Valdas Damrauskas çalışdıracaq.
O, vaxtilə Bakının “Stamdart” klubunu çalışdırmış Valdas İvanauskasdan sonra Azərbaycanda işləyən ikinci livalı məşqçi olacaq.
48 yaşlı mütəxəssis futbolçu karyerasına sahib olmayan azsaylı məşqçilərdəndir. Bu sənətə gəlməsinin özü də qəribə alınıb.
Dambrauskas Litvada yayımlanan “Kim milyoner olmaq istəyir?” proqramında iştirak edib və orada qazandığı pul mükafatının bir hissəsini ölkəni tərk edərək məşqçilik təhsili almasına xərcləyib.
O, London Metropolitan Universitetinda İdman Elmi və Məşqçiliyi ixtisası üzrə təhsil alıb. Və həmin müddətdə “Mançester Yunayted”, “Fulhem”, “Brentford” kimi tanınmış ingilis klublarının gənclər akademiyalarında məşqçi kimi çalışıb.
30 yaşında, yəni 2007-ci ildə ilk baş məşqçiliyini “Kinqböri London Tiqers” klubunda edərək, klub tarixində ən yüksək nəticəyə imza atıb. Komanda onun rəhbərliyi altında Cənubi Midlend Premyer Diivizionunda qalib adını qazanıb. İngiltərədəki fəaliyyətinə görə “Active Westminster Awards” mükafatına layiq görülüb. Böyük Britaniyada klub çalışdırdığı dönəmdə Litvanın U-17 millisinin nəticələrinə cavabdehlik daşıyıb.
Nəzəriyyəni öyrənən, klubdakı 3 illik fəaliyyəti dönəmində təcrübə toplayan çalışdırıcı 2011-ci ildə ölkəsinə qayıdaraq, Litvanın U-19 yığmasına rəhbərlik edib. Eyni zamanda ölkənin köklü klublarından olan “Ekranas”da köməkçi-məşqçi kimi çalışıb, bir müddətdən sonra baş məşqçi postuna keçib.
“Ekranas”dakı 3 illik fəaliyyətin ardınca Litvanın başqa bir ünlü klubu “Jalgiris”ə keçib və daha 3 il burada işləyərək iki dəfə ölkə çempionu, iki dəfə ölkə kubokunun qalibi adını qazanıb.
2017-2020-ci il aralığında qonşu Latviyaya üz tutaraq nəyə qadir olduğunu RFS-də göstərib. Burada çempion ola bilməsə də, ölkə kubokunun muzeyə aparılmasında rol oynayıb.
2011-2020-ci illər aralığında cəmi üç yerdə işləyən “Sabah”ın yeni baş məşqçisi 2020-ci ildən bu yana, yəni son 5 ildə 6 klub dəyişib, “Sabah” bu siyahıda yeddincidir.
Xorvatiyada “Qoriça” və “Hayduk”, Bolqarıstanda “Ludoqorets”, Yunanıstanda OFİ, Kiprdə “Omoniya”, Macarıstanda “Dyoşdyor”da baş məşqçilik etməklə “Ludoqorets”lə ölkə çempionu olub, “Hayduk”la Xorvatiya kubokunu başı üzərinə qaldırıb.
Litvanın əsas millisini çalışdırmaq şərəfini nail olmayan Valdas, Litvada 3 dəfə ilin ən yaxşı məşqçisi adını qazanıb.
Səbəbkarla bağlı daha bir maraqlı fakt ötən il Bakıya səfər etməsi ilə bağlıdır. “Zirə” 2024-cü ilin avqustunda Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparanda “Omoniya” ilə qarşılaşmışdı ki, həmin vaxt Kipr komandasını məhz Dambrauskas çalışdırırdı.
Öz meydanında 6:0 hesabı ilə qələbə qazanan kiprlilər, Bakıdakı cavab görüşündə 0:1 hesabı ilə uduzmuşdu.
“Sabah”ın yeni baş məşqçisinin karyerası ilə tanış olanda ikili fikirlər yaranır. Müxtəlif ölkələrdə çalışmaqla titul qazanmaq bacarığına sahib olması təbii ki, müsbət tərəfidir. Lakin çalışdırdığı son 6 klubda ən yaxşı halda 1 ildən artıq duruş gətirə bilməməsi ortaya müəyyən suallar çıxarır.
HƏBİB / SPORTİNFO.AZ