COP29

O, bahalı futbolçuların “ip”ini niyə yığıb-yığışdıra bilmir?

9 Noyabr 17:40 Sabah 882
O, bahalı futbolçuların “ip”ini niyə yığıb-yığışdıra bilmir?

"Sabah"ın qələbə həsrəti 5 matça çatdı.

Komanda bu dəfə "Sumqayıt" önündə büdrədi - 0:1.

Görünür, Renduliç kollektivi yığıb-yığışdıra bilmir.

Bir problem düzəlir, digəri köhnə yara kimi ortaya çıxır.

Əvvəlki turlar müdafiədə xaos yaşanırdı. Hər oyun cüt-cüt qollar buraxılırdı. Sadə epizodlarda rəqiblər "Sabah"ın qapı torunu silkələmyin dadını çıxarırdı.

Elə əcnəbi mütəxəssisə ən çox tutulan irad da bu olurdu - niyə arxa xəttin dərdinə əlac olmursan?

Braziliya İqor Noqeyranın əsas heyətə pənah gətirməsindən sonra sanki müdafiə zonasında bir sabitlik yaranıb. Daha birinci dövrədəki qədər asanlıqla "tələbələr"i məyus etmək olmur.

Xüsusilə "Sumqayıt", "Zirə", "Araz Naxçıvan" və "Neftçi" ilə son 4 turu əhatə edən matçlarda xorvatiyalı mütəxəssisin komandası müdafiə fazasında çox inamlı təsir bağışlayıb. Rəqiblərə demək olar ki, 90 dəqiqə qol fürsəti verməyib. "Sumqayıt" standart vəziyyətin davamında vurduğu qolla 3, "Zirə" isə 1 xalı bayram edib.

Əcnəbi çalışdırıcının müdafiə xəttinə müdaxiləsi aydın sezilir. Problem böyük ölçüdə həllini tapıb.

Lakin indi də ön xətdə yaranan boşluqlar Renduliçi rahat buraxmır.

İlk 7 turda 16 qol vuran Masazır təmsilçisi qarşısıalınmaz təsir bağışlayırdı. Hər keçən tur məhsuldarlıq aşağı düşür. Son 5 qarşılaşmada komanda cəmi 5 qol vura bilib. Ən qorxulusu odur ki, real qol imkanları yaxalamaq baxımından da əskiklər qabarıq üzə çıxır.

Futbol kollektiv oyundur. Burada bir futbolçu axsayanda bütün komanda çətinlik yaşayır. O ki qala bir mövqe bütünlüklə enişdə ola.

Uğura aparan yol isə bütün mövqelərin vəhdət halında birgə çalışmasından keçir.

Renduliç həmin vəhdəti tapa bilməsə, əriməkdə olan avrokuboklar şansı günün birində suya çevriləcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər