COP29

“Sabah”ın qəfil sıçrayışının səbəbini heç kimdən gizlətmədi

8 May 16:40 Sabah 968
“Sabah”ın qəfil sıçrayışının səbəbini heç kimdən gizlətmədi

“Sabah” finişə yaxın sürəti artırıb.

Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv aprelin 6-da “Turan Tovuz”a uduzduğu gündən bu yana yenilginin nə olduğunu bilmir.

Bu müddətdə 4 oyun keçirən “tələbələr” “Qarabağ”, “Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan”ı məğlub etməklə turnir cədvəlində “Zirə” ilə 2-3-cü pillələri bölüşürlər.

Komandanın əsas heyət üzvlərindən olan Sofian Çakla Sportinfo.az-a uğurlu qrafikin əsl səbəbini açıqlayıb:

“Son oyunlarda müsbət nəticələr qazanmağımız doğrudan çox sevindiricidir. Məncə, uğurun əsl səbəbi komanda daxilində olan birlikdir. Bütün komanda avrokuboklara qatılmaq üçün əlindən gələni edir.

Qısa desəm, uğurumuzun əsas səbəbi kimi avrokuboklara getmək üçün bütün komandada olan yüksək motivasiya və istəyi qeyd etmək olar”.

Nəticələrə baxıb arxayınlaşmaq olmaz. “Sabah”ı qarşıda daha ciddi sınaqlar gözləyir. Masazır təmsilçisi “Qəbələ”ylə üz-üzə gıələcək, son 2 turda əsas rəqibləri “Sumqayıt” və “Neftçi” ilə qarşılaşacaq.

Maraqlıdır, belə olması “Sabah”ın xeyrinədir, yoxsa əksinə? Belə vəziyyətdə taktiki-texniki tapşırıqlar həlledici rol oynayacaq, yoxsa psixoloji hazırlıq?

Mərakeşli müdafiəçini dinləyək:

“Düzü, rəqibin kimliyindən asılı olmayaraq bizi qarşıda bir-birindən çətin 3 oyun gözləyir. Fərqi yoxdur, rəqibin iddiası davam edir, ya yox.

Son oyunlarda bunun şahidi olduq. Amma digər tərəfdən baxanda, hər şey öz əlimizdədir.

Çətin olsa da, əlimizdən gələni edəcəyik ki, bu oyunlardan müsbət nəticə ilə ayrılaraq azarkeşlərimizi sevindirək.

Düz qeyd edirsiz, burada təkcə fiziki, taktiki yox, həmçinin psixoloji hazırlığı da mühüm rol oynayacaq. Hansı komanda bu istiqamətdə daha hazırlıqlı olsa, həmin komandalar da avrokuboklara vəsiqə qazanacaq”.

“Sabah” Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq. Mayın 12-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti