15 ildir heç kimə lazım olmayan məşqçi "Sabah"a məlhəm ola bilər?

12 Fevral 19:40 Sabah 4 387
15 ildir heç kimə lazım olmayan məşqçi "Sabah"a məlhəm ola bilər?

Murad Musayevin gedişindən sonra "Sabah" çətin durumda qalıb.

Rəhbərliyin baş məşqçi axtarışları hələ də bir nəticə vermir.

Son iki matçda komanda meydana İdman Direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxır.

Artıq iddialar var ki, mövsümün sonuna qədər məhz elə o, baş məşqçi səlahiyyətlərini yerinə yetirəcək.

Bu qərarı vermək nə dərəcədə effektiv ola bilər?

Məncə, bu addım kökündən yanlış olar. Və ciddi vaxt itkisi sayılacaq.

Kimsə "Qarabağ" üzərindəki son qələbəyə (4:3) aldana bilər.

Amma unutmaq olmaz ki, "Qarabağ" hansı şərtlər altında meydana çıxmışdı.

İlk matçda 7:1 qələbə qazanan futbolçuları motivasiya eləməyin çətinliyini izah etməyə gərək yoxdur. Bundan başqa ağdamlıların rotasiyalarla meydana çıxdığını da unutmamalıyıq.

Hətta bu halda belə Qurban Qurbanovun yetirmələri istədiyi vaxt meydana öz ağırlığını qoyub, istədiyi qolları vuraraq fərqin böyüməsinə imkan vermirdi.

Belədə əldə olunan təsəlli xarakterli qələbəyə arxalanmaq özünə qəsddən başqa bir şey deyil.

Kim bu fikrə düşübsə, demək ki, "Sabah"ın uğurunu istəmir.

64 yaşlı mütəxəssis heç vaxt ciddi baş məşqçi kimi qəbul edilməyib.

Heç aktiv fəaliyyəti dövründə də hansısa uğuru ilə yadda qalmayıb.

Sonuncu dəfə 2008/09 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.

Daha əvvəl isə Rusiyada "Maşuk" (2006/07 mövsümü), İsveçedə "Syurianska" (2002/03 mövsümü), ölkəmizdə "Qarabağ" (2004/05 mövsümü) və Azərbaycan millisində (2000/01-ci illər) baş məşqçi kimi fəaliyyət göstərib.

Gördüyünüz kimi, çalışdığı hər yerdə ən yaxşı halda baş məşqçi kimi bir mövsüm postunda qala bilib.

15 ildən artıqdır heç kimin güvənmədiyi adama indi güvənmək illüziyadan başqa bir şey deyil.

Paytaxt klubu İqoru gözdən çıxarmalı, boşalan postu doldurmağa fokslanmalıdır.

Məşqçi axtarışları daha da sürətləndirilməli və qısa müddətdə müsbət nəticəyə nail olmaq şərtdir.

"Sabah"ın avrokuboklara getmək şansı kifayət qədər yüksəkdir. Murad Musayev personajını xatırladacaq biri ilə anlaşmaq lazımdır ki, gələndən sonra zaman istəmək kimi şablon bəhanələrdən qaçıb komandanı qısa müddətdə toparlaya bilsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti