Niyə getdi - “Qarabağ”a 1:7 hesablı məğlubiyyətə görəmi?

3 Fevral 21:20 Sabah 547
Niyə getdi - “Qarabağ”a 1:7 hesablı məğlubiyyətə görəmi?

Murad Musayev heç kimin gözləmədiyi halda “Sabah”dan ayrıldı.

Rusiyalı çalışdırıcı az qala hər açıqlamasında mövcud duruma baxmayaraq, komandasının düşdüyü vəziyyətdən çıxaracağını əminliklə deyirdi. Yanvarda Antalyada bəndənizə verdiyi müsahibə zamanı kifayət qədər nikbin olması və üzündəki inam ifadələri indiyə qədər gözlərimin önündədir.

Bəs, niyə getdi? “Qarabağ”a 1:7 hesablı məğlubiyyətə görəmi?

Xeyr, heç bir halda xeyr. Musayev dostu Qurban Qurbanovun çalışdırdığı komandanın hansı səviyyədə olduğunu yaxşı bilirdi. Və dəfələrlə açıq şəkildə “Qarabağ”ın səviyyəsinin Azərbaycan hüdudlarını aşdığını dilinə gətirmişdi. İstefa vermək fikri olsaydı, bunun anonsunu elə mətbuat konfransında verərdi.

Murad Oleqoviç bezdi, bezdirildi və başını götürüb qaçdı. Xatırlayırsınızsa, klubun prezidenti Maqsud Adıgözəlov günlərin birində verdiyi müsahibədə əldə olunan uğurların bir nəfərin yox, klub və komandada çalışanların zəhmətinin bəhrəsi olduğunu bildirmişdi. Bu, adı futbol ictimaiyyətinin dilində əzbər olan Murad Musayevə göndərilən açıq mesaj idi.

Ümumiyyətlə, “tələbələr”in qazandığı uğurlarda klub rəhbərliyinin rusiyalı çalışdırıcının kölgəsində qalması daxildə xoş olmayan ab-hava yaratmışdı. Musayevin özü də “yuxarılara” yarınmaq, onların çaldığı havaya oynamaq fikrində deyildi. Onun öz dünyası vardı – tələbləri, təklifləri, arzu və istəkləri. Sanki hamının onun nazı ilə oynamasını istəyirdi.

Komandanın çöküşə doğru getməsinin, baş məşqçinin Rusiyaya dönməsinin kökündə dayanan ən başlıca səbəb rəhbərliyin aparıcı simaları qoruyub-saxlamamasıydı. Yayda Coy-Lens Mikelslə Aleksey Kaşuk qapını çöldən bağladı, yanvarda Aleksey İsayev “Qarabağ”ın yolunu tutdu.

Başbilənlər Musayevin sevimli futbolçuları saxlamaq əvəzinə onları satıb, əldə olunan gəlirlə komandaya fayda verə bilməyən futbolçularla güclənmək planını qurmuşdu ki, xəyal “qəzaya uğradı”. Kifayət qədər yaxşı büdcəyə sahib olan “Sabah” guya Mikelsi və ya İsayevi saxlaya bilməzdi?

Yayda Mikelslə Kaşuk, yanvarda İsayev, fevralda Musayev. Tələbat olanlar və daha yaxşısını (uğur və maddi planda) arzu edənlər “Sabah”ı bir-bir tərk etməkdədir.

Yaydan bu yana gördüyümüz mənzərəyə əsasən əsas problemin komandanın idarəetməsində olduğunu deməliyik, ya da deyə bilərik.

İşlər hansısa nöqtədə düzgün qurulmur deyə, sütunlar qalmaq istəmir. Belə deyilsə, kütləvi qaçışın kökündə nə dayanır?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!