Klub prezidentinə aid ŞOK İDDİA! - Murad Musayev bu qədər saxtakar ola bilərmi?

5 Fevral 19:40 Sabah 2 348
Klub prezidentinə aid ŞOK İDDİA! - Murad Musayev bu qədər saxtakar ola bilərmi?

Murad Musayevin "Sabah"dan gedişi futbol ictimaiyyətində birmənalı qarşılanmadı.

Azərbaycan futbolu bacarıqlı, peşəkar bir kadr itirdi. Ölkəmizə çox sayda əcnəbi çalışdırıcı gəlib-gedib. Amma Musayev kimisi bir əlin barmaq sayı qədər olmayıb.

Belədə bu gedişə üzülmək hardan baxsaq məntiqlidir. Elə "Qarabağ"a 1:7 hesablı məğlubiyyətdən sonra rusiyalının ayrılıq qərarı verməsi qədər. Halbuki kimsə onun istefası barədə düşünmürdü. Hətta son darmadağına rəğmən.

O, əvvəlki qərarlarında, addımlarında olduğu kimi ağır məğlubiyyətdən sonra getmək barədə qəti addım atmaqla necə peşəkar, özünə sayğı duyan biri olmasını növbəti dəfə isbatlamış oldu.

Əksəriyyət isə qısa müddətdə haqqında yaxşı imic formalaşdırmağı bacaran çalışdırıcının klubdan ayrılığına görə klub rəhbərliyini qınamaqdadır. Hətta məşqçinin yox, məhz rəhbərin istefa verməli olduğunu iddia edənlər də az deyil.

Görəsən, tənqid oxları düz nöqtəyə tuşlanıbmı?

Bu, bu günün yox, aylar əvvəlin tendensiyasıdır.

Uzun müddətdir klub ətrafında gərginlik yaradan söz-söhbətlər səngimək bilmir.

Zaman-zaman xüsusilə də klubun prezidenti Maqsud Adıgözəlovun baş məşqçinin işinə qarışması, transfer məsələlərinə müdaxilə etməsi sərt tənqid olunub.

Od olmayan yerdən tüstü çıxmaz deyiblər. Ancaq mənşəyi olmayan tüstülər də az görməmişik.

Şəxsən mən klub ətrafında cərəyan edən və eyni dəsti-xətti özündə cəm edən tənqid dalğası ilə tam razılaşa bilmirəm.

Hə, bəlkə də rəhbər şəxsin doğru olmayan yönləri var. Guya hansımız ideal işçi və ya insanıq?

Amma uğuru Murad Musayevin adına bağlayıb, problemləri rəhbər şəxsin üzərinə atmaq da insafdan deyil.

Axı ötən mövsüm hamımızın müsbət imicini qazanan "Sabah"ın da rəhbəri Maqsud bəy idi, bu il uğursuzluq zolağında olan "Sabah"ın da.

Bütün bunları qoyuram kənara.

Mənim bildiyim qədəri ilə adıçəkilən şəxslər arasında çox isti münasibətlər olub.

Hətta işbirliyi davam etdiyi müddətcə iş günlərinin böyük bir hissəsini bir yerdə keçiriblər. Bu barədə informasıya yayda klub ətrafında indiki söhbətlərin indiki kimi “od püskürdüyü” zaman əldə etmişdim.

Belədə biri digərinə niyə problem yaratsın?

Gələk bir də işin bir başqa tərəfinə.

Tutaq ki, deyilənlər həqiqətdir. Və Musayev işinə xatir heç zaman etiraz səsini qaldırmayıb.

Bəs istefa verib gedəndən sonra?

Adam rusiya mətbuatına açıqlamasında əksəriyyətin onun gedişinə zəmin yaradan kimi qələmə verdiyi klub prezidentinə bəy tərifi deyib.

Demirəm ki, narazı idisə, ölkəsinə gedəndən sonra sabiq rəhbərini yuyub-sərərdi.

Məsələn, etika xatirinə jurnalistin "Sizin klub prezidenti ilə problemlərinizin olması barədə mətbuatda tez-tez xəbərlər yazılırdı. Bu, nə dərəcədə doğrudur" sualına qısaca bunlar həqiqəti əks etdirmir - deyib də keçə bilərdi.

Amma əcnəbi mütəxəssis Maqsud bəy haqqında uzun-uzadı tərif yağdırıb. Hətta sonda əlavə edib ki, "Sabah”ın rəhbərliyi ilə bağlı uzun müddət danışa bilərəm və bunlar yalnız müsbət sözlər olar.

Sizcə, mərd, peşəkar adlandırdığımız adam bu qədər saxtakar ola bilərmi?

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti