Azərbaycan futbolunda Murad Musayev izi! - Onu silmək mümkün olacaqmı?

3 Fevral 17:00 Sabah 337
Azərbaycan futbolunda Murad Musayev izi! - Onu silmək mümkün olacaqmı?

Bu mövsüm hər kəsə israrla "Sabah" geridönüş edəcək - deyəndə komandanın potensialından çox, baş məşqçisi Murad Musayevə güvənərək iddia edirdim.

Sanballı, bacarıqlı mütəxəssis idi. İşlədiyi ölkəyə hörmət edən, futboluna fayda verməyə çalışan adam idi.

Mətbuat konfranslarındakı fikirləri monoton deyildi. Daim daha yaxşı işlər görməyin axtarışındaydı. Yerində saymaq onluq deyildi.

Ölkəmizdə olduğu o qədər də uzun olmayan zaman kəsiyində futbolumuza qazandırdığı az şey olmadı.

"Sabah" kimi uzun müddət axtarışda olan gənc kluba düzgün iş metodunu əyani göstərdi. Kluba qısa müddətdə uzun yol qət etdirə bildi.

Bir neçə gənc futbolçuya yüksək liqanın qapılarını açdı.

Xüsusilə Yusif İmanovun parlamasına görə ona borcluyuq.

Elə son illər Samir Abasovun "Neftçi"sindən sonra yalnız onun başında olduğu "Sabah" "Qarabağ"a müəyyən qədər başağrısı ola bilmişdi.

Yerli baş məşqçilərin hamılıqla ona simpatiya bəsləməsinin kökündə onun peşəkarlığı dururdu.

İşinə, futbolçusuna, kollektivinə qarşı əsl peşəkar kimi davrandı.

Elə ayrılıq qərarını verəndə də.

Bütün bu və bu qəbildən olan faktların fonunda onun ayrılığına təəssüf edirəm.

Premyer Liqamıza bir rəng, dad-duz gətirmişdi.

Yoxluğu mütləq hiss olunacaq, hər zaman mütləq xatırlanacaq.

Mirça Rednik, Roman Qriqorçuk, Kaxa Tsxadadze kimi burada çalışmış əcnəbi məşqçilər kimi.

Açığı, 7:1-dən sonra gedə biləcəyi ilə bağlı narahatlığım vardı.

Adətən özünə hörmət edən mütəxəssislər belə ağır məğlubiyyətlərdən sonra ayrılıq qərar verirlər.

Halbuki qışdan sonra Masazır təmsilçisinin işləri heç də pis getmirdi.

Özünə gəlməyə çalışan "Neftçi"dən bir xal, 10 nəfərlə qaldıqları "Zirə" ilə matçda 3 xal qazana bilmişdilər.

Hazırda 7-ci pillədə olan komandanın ikinci sıradan cəmi 6 xal ayırır.

Amma o, Qurban Qurbanovun komandasına irihesablı məğlubiyyəti həzm edə bilmədi. Futbolçularını bu qədər aciz görməyə qəbullanmadı.

Ümid edək ki, nə zamansa onun yolu buradan yenə düşəcək.

"Sabah" üçün isə bundan sonrası çox çətin olacaq. Axı neçə illər dağa-daşa düşüb sözün bütün mənalarında Murada çatmışdılar.

Həmin əyri-üyrü yollar yenidən başlamasa yaxşıdır...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!