AFFA-nın vitse-prezidenti: “Qarabağ”a xəbərdarlıq etdi

1 Fevral 02:50 Sabah 4 643
AFFA-nın vitse-prezidenti: “Qarabağ”a xəbərdarlıq etdi

“Qarabağ”ın belə nəticə əldə etməsi sevindirici haldır.

Lakin digər tərəfdən, “Sabah”ın ötənilki gücünü görə bilməməyimiz bizi çox məyus edir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”ın “Qarabağ”a 1:7 hesabı ilə məğlub olduğu oyunu şərh edərkən deyib.

Funksioner bildirib ki, mövsümün əvvəlində Bakı klubuna böyük ümidlər bəslənilirdi:

“Biz inanırdıq ki, “Sabah” “Qarabağ” və “Neftçi” ilə çempionluq uğrunda mübarizəyə qoşulacaq. Ancaq təəssüf ki, bu mənzərəyə şahid ola bilmirik. Dünənki oyun göstərdi ki, bu komanda Ağdam təmsilçisi ilə başabaş mübarizəyə hazır deyil. Klub rəhbərliyi öncədən bilirdi ki, aparıcı futbolçular komandanı tərk edəcək. Belə olan halda həmin oyunçuları əvəzləyəcək yaxşı futbolçular almaq lazım idi. Düşünürəm ki, “Sabah” bunu qismən bacardı. Keyfiyyətli futbolçular transfer etdi. Amma yenə də komanda meydanda ötənilki oyununu nümayiş etdirə bilmir. Əslində bu kollektiv böyük potensiala malikdir. İnanıram ki, “Sabah” tez bir zamanda özünə gələcək. Ölkə kubokunda olmasa belə, çempionatda mübarizəni sona kimi aparacaq və Azərbaycanı Avropada təmsil etmək hüququ qazanacaq”.

V. Sadıqovun fikrincə, ölkə çempionatında rəqabətin olmaması UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə oyunlarda “Qarabağ”ın əleyhinə işləyə bilər: “Təmsilçimizi gələn ay Portuqaliya klubu ilə olduqca ağır oyun gözləyir. Yalnız güclü və rəqabətli çempionat “köhlən atlar”a tam formada olmaları üçün imkan verə bilər. İstəyirik ki, komandamız çətin rəqibə qarşı sonadək mübarizə aparsın, azarkeşləri və xalqımızı qələbə ilə sevindirsin”.

Digər Xəbərlər
Xəbər Lenti