“Sabah” həmin “Sabah”dır, o, çox dəyişib

31 Yanvar 23:40 Sabah 470
“Sabah” həmin “Sabah”dır, o, çox dəyişib

“Qarabağ”ın ölkə kubokunda “Sabah”ın qapısından 7 top keçirməsindən sonra sosial şəbəkədə yazılan şərh diqqətimi çəkdi.

Çox güman “Sabah” azarkeşiydi, komandanın əvvəlki günlərinin hara getdiyini soruşmuşdu.

Açığı, sual bir anlıq məni də düşünürdü. Amma təkcə yanvar ayındakı vəziyyəti göz önünə gətirəndə, dedim, yox, “Sabah” elə əvvəlki “Sabah”dır, “Qarabağ” çox dəyişib.

Murad Musayevin rəhbərlik etdiyi komanda Antalyadakı yoldaşlıq görüşündə Rumıniyanın köklü kluiblarından olan “Rapid”i 2:1 hesabı ilə məğlub edəndən sonra vətənə qayıdıb 19-cu turda yenilənmiş “Neftçi” ilə qolsuz bərabərə qaldı, növbəti tuda 10 nəfərlə “Zirə”ni son dəqiqə qolu ilə məğlub etdi. Zəifləmiş komanda bunu bacarardı?

Təbii, Coy-Lens Mikels, Aleksey Kaşuk və Aleksey İsayevin gedişi “tələbələr”in oyununa müəyyən mənada təsir edib. Əskikliklər var və bu, kənardan aşkar görünür. Amma bu hal heç bir halda “Qarabağ”dan 7 top buraxmağa əsas vermir.

“Sabah”ın ağdamlılara qarşı açıq futbol oynadığına görə darmadağın olduğunu iddia edənlərə ötən mövsümə boylanmağı məsləhət görürəm. Murad Musayevin komandası “Qarabağ”la matçlarda nə vaxt müdafiədə oturub ki? Bütün hallarda öz futbolunu oynayıb, qollar vurub, xallar qazanıb. Çərşənbə axşamı da görməyə alışdığımız futbolunu oynadı. Sadəcə...

“Qarabağ” çox dəyişib, çox. Bu, mənə görə klub tarixinin ən güclü komandasıdır. Güclü deyəndə, xətlərarası anlaşma səviyyəsini, sürəti və hücum planlı futbolçuların dinamikliyini nəzərədə tuturam.

Vurulan qolları gördünüz? O nə temp, o nə sürət idi, İlahi? Keyta sol cinahda işıq sürəti ilə “uçur”, digər cinahda Nəriman Axundzadə onunla ayaqlaşır, əsas hücumçu Juninyo pusquda duran ovçu kimi şikarını gözləyir. Bir-birini gözuyumulu başa düşürlər. Elə bil, illərdir eyni komandada çiyin-çiyinə oynayırlar.

Əvvəlki dönəmlərdə “Qarabağ”da sürət çatmırdı. Daha doğrusu, hücumlar əksər hallarda Abdullah Zubirin üzərində qurulurdu ki, bu gün-sabah 33 yaşı tamam olacaq fransızın ləngliyi və fərdi oyuna meyillənməsi hücumları “öldürürdü”.

Zubir bu dəfə dirijor rolundaydı və tapşırığın öhdəsindən artıqlaması ilə gəldi. Texnikası və təcrübəsi ilə rəqibin müdafiə xəttini pərəm-pərəm salmışdı.

Keyta-Juninyo-Nəriman “üçlüy”ü isə fırtına kimiydi. Hələ ehtiyatda Leandro Andrade, Adama Diakabi, Redon Cica da var.

İndiki “Qarabağ” “Braqa” ilə burun-buruna dayanıb, hətta mərhələni adlayacaq gücdədir. Çempionatımızda mübarizə aparanlar isə artırmadan öz xodunda gedir. 1 xal, 1 qol, uduzmamaq təfəkkürü...

Belə olduğu halda səviyyə fərqi özünü aşkar şəkildə göstərir.

“Qarabağ” çempionatda “Sabah”a qarşı olduğu kimi, amansız davransa, sürəti bir az da artırsa, qabağına çıxan bütün komandaları şil-küt edəcək.

Allahın yazığı gəlsin.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!