"Sabah"ı keçmişə qaytaran "Qarabağ" vahiməsi

2 Fevral 23:00 Sabah 472
"Sabah"ı keçmişə qaytaran "Qarabağ" vahiməsi

"Sabah" tarixinin ən ağır məğlubiyyətini "Qarabağ"dan aldı.

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında Masazır klubu rəqibinə 1:7 hesabı ilə uduzdu.

Bu, həm də Murad Musayevin Azərbaycandakı ən böyük hesablı məğlubiyyəti kimi tarixiə düşdü.

Düzdü, "Sabah"ın buna yaxın hesabla uduzduğu görüş də olub. Özü də elə rusiyalı mütəxəssisin rəhbərliyi altında.

Söhbət 2021-ci ilin dekabrında alınan 1:5 hesablı məğlubiyyətdən gedir.

Həmin qarşılaşma Premyer Liqa çərçivəsində və səfər meydanında qeydə alınmışdı.

Düzdü, Musayev onda kollektivə cəmi 3 tur əvvəl gəlmişdi.

Hələ yeni-yeni öz sistemini futbolçulara aşılamağa çalışırdı.

Elə zamanla aşılaya da bildi. Ondan sonrakı görüşlərdə "Sabah" güclü rəqibi ilə bütün duellərdə layiqli mübarizə apara bildi. Hətta üstün olduğu matçlar da az deyildi.

Amma həmin 1:5-də belə "Bayquşlar" bu qədər aciz oyun keçirməmişdi.

"Köhlən atlar" bu dədə "Bank Respublika Aren"nı sahib üçün cəhənnəmə çevirdi.

"Sabah"ın daşını daş üstə qoymayan Ağdam təmsilçisi rəqib qapısının torunun top dəyməyən yerini də qoymadı.

Bu mövsüm heç cür özünə bənzəməyən paytaxt klubuna bu gün də "düzələcək" - deyə ümid edənlər az deyildi.

Lakin son darmadağın bir çox mətləblərə aydınlıq gətirdi.

Sanki Qurban Qurbanovun komandası "Sabah"ı əyani şəkildə keçmişə apardı.

Məhz 1:5-in yaşandığı keçmişə.

Deməli, ayılmaq lazımdır. Həmin 1:5-lik məğlubiyyətdən bu günə olan zaman kəsiyində "Sabah" zirvəyə qalxmasını bacardı, amma orada sabit qalmasını yox.

Bu gün klubda böyük eniş yaşanır. Hər nə qədər yaxşı sabaha ümid etsək, ümidverici fikirlər, proqnozlar səsləndirsək də.

1:7 həmin proqnozları alt-üst etdi, enişin dərinliyini gözlər önünə sərdi. Dərs çıxarmaq üçün isə hələ də gec deyil.

Kubok əldən çıxdı, ən azı çempionatı boş verməmək üçün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti