
“Sabah” yeni baş məşqçisi Valdas Dambrauskasa görə əlavə xərcə düşməyib.
Bu barədə klubun mətbuat xidmətindən saytımıza məlumat verilib.
Bildirilib ki, litvalı mütəxəssisin bura gəlməsi üçün “Dyoşdyor”a təzminat ödənilməyib. O, Macarıstan klubu ilə sözləşməsini qarşılıqlı razılıq əsasında pozaraq, Azərbaycanın yolunu tutub.
Masazır təmsilçisi baltikalı çalışdırıcı ilə 3 illik müqavilə bağlayıb.
O, baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalqiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Cənubi Kiprin (“Omoniya“) klublarında çalışıb.
Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.
O, bura “Dyoşdyor”dan gəlib. Litvalı çalışdırıcı bu ilin fevralında sükanı arxasına keçdiyi Macarıstan klubu ilə 1,5+1 illik müqavilə imzalamışdı.
SPORTİNFO.AZ