_2.jpg)
Belə futbol olmur!
Belə iş olmur!
Futbola belə yanaşma olmur!
İyulun 10-da Avropa Liqasında mübarizəyə başlayacaq “Sabah”ın baş məşqçisinin adı naməlumdur.
Turnirin başlamasına vur-tut üç həftə vaxt qalıb. Lakin cavabsız sualların sayı xirtdəyə qədərdir.
Yeni baş məşqçi kim olacaq?
Nə vaxt təyin olunacaq?
Kollektivi avrokuboklara necə hazırlayacaq?
Rəhbərlik ondan uğurlu nəticəni necə və hansı əsasla tələb edəcək?
Cavabları heç kim bilmir. Heç klubdakı əsas söz sahiblərinin özləri də.
Çünki iş vaxtında düzgün qurulmayıb. Vasili Berezutski hələ iki ay əvvəl, çempionatın gedişində ayrılıqla bağlı mesajlar verirdi. Onda düşünmək, ehtiyat planı tutmaq lazım idi ki, birdən bu adam getsə, biz nə edəcəyik?
Premyer Liqanı boşa verib, dənizdə batan adamın saman çöpündən yapışdığı kimi, kuboka ümid bağlayan cənablar Berezutskidən “burda qalmaq istəmirəm” sözlərini eşidənə qədər azı beş namizəd məşqçi ilə danışıqlara start verməliydi.
Avropa Liqasında iştirakın rəsmiləşməsindən nə az, nə çox, düz 18 gün vaxt keçib. Camaat bu müddətdə yeni komanda formalaşdırır, bizdəki “bilicilər” məşqçi axtarışını yekunlaşdıra bilmir.
Rəqib son illərdəki nəticələri ilə öyünən “Selye”dir, Latviya RFŞ-i yox. Mərhələni keçə bilməmək bir tərəfə. Allah bizi biabırçı nəticələrdən qorusun.
Bir az dərinə gedəndə, adam fikirləşir ki, ildə iki dəfə baş məşqçi dəyişib, avrokuboklara baş məşqçisiz hazırlaşan klub-komandanın Avropa Liqasında nə işi var axı?
HƏBİB